Macarıstandakı miqrantlar Avstriya ilə sərhədə doğru yeriyir

Şəklin mənbəyi, Reuters
Budapeşt dəmiryol stansiyasında yerləşmiş yüzlərlə miqrant piyada Avstriya istiqamətində yeriməyə başlayıblar.
Macarıstan rəsmiləri Qərbi Avropaya getmək istəyən minlərlə miqrantı saxlamağa çalışır.
Bu arada isə Avropa İttifaqı liderləri böhrandan çıxış yolu tapmaqda çətinlik çəkir.
BMT bildirib ki, Avropa İttifaqı ölkələri miqrant böhranına olan münasibətini dəyişməli və “ümumi strategiya” çərçivəsində 200 minə yaxın miqrantı qəbul etməlidir.
BMT-nin qaçqınlar üzrə agentliyinin rəhbəri Antonio Guterres bildirib ki, Aİ böhrandan çıxış yolu üçün “bütün gücünü” toplamalıdır.

Aİ liderləri arasında miqrant böhranı ilə bağlı fikir ayrılığı mövcuddur.
Macarıstanda yüzlərlə qaçqın rəsmilərlə anlaşa bilmir.
Avstriya ilə sərhədə çatmaq istəyən miqrantlar Macarıstan polisinin cəhdlərinə baxmayaraq Budapeşt yaxınlığındakı qatarı tərk etməkdən imtina edib.
Macarıstan rəsmiləri miqrantları yaxınlıqdakı qaşqın düşərgəsinə köçürmək istəyirlər, lakin miqrantlar orada qeydiyyata düşdükdən sonra Almniya və digər ölkələrdə sığınacaq üçün çətinliklərin yaranacağından ehtiyat edirlər.
Macarıstan paytaxtı Budapeştdə yüzlərlə qaçqın “Vyanaya qədər piyada gedəcəklərini” bildiriblər, çünki onlara həmin istiqamətdə qatarlara minmək icazəsi verilməyib.
Macarıstan təxminən 300 qaçqının sərhəd yaxınlığındakı düşərgədən qaçmasının ardından Serbiya ilə əsas sərhəd-keçid məntəqəsini bağlayıb.

Şəklin mənbəyi, AFP
Cümə axşamı Budapeştdə polis miqrantları qatarlara minməyə icazə versə də, sonradan onları paytaxtın qərbində qaçqın düşərgəsinə yerləşdirmək istəyib.
Macarıstan deputatları daha sonra sərhədlərin gücləndirilməsi və ya insanlara istədikləri yerə, Almaniyaya getməyə icazə vermək ətrafında səs verəcək.
Cümə günü Avropa İttifaqında keçiriləcək daha üç görüşdə miqrant böhranı müzakirə ediləcək.
Avropa Komissiyasının üzvləri Yunanıstanın Kos adasına gedərək, çoxlu qaçqın və miqrant gəlməsiylə əlaqədar yaranmış çətinliyi tədqiq edəcək.
Macarıstanlı deputatlar həmçinin, miqrantlar üçün düşərgə qurulması və ya ölkədə fövqəladə vəziyyət elan edilməsi ətrafında da səs verməlidir.
Baş nazir Viktor Orban cümə axşamı vəziyyəti “Almaniyanın problemi” kimi dəyərləndirmiş və gələn miqrantların Almaniyaya “getmək istədiklərini” bildirmişdi.
Lakin böhranla bağlı Aİ görüşünə başçılıq edən Lüksemburqun xarici işlər naziri Jean Asselborn Almaniya televiziyasında Macarıstan liderini tənqid edərək bildirib: “Gərək kimsə Viktor Orbanın əvəzinə xəcalət çəksin”.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, ən azı 100 min qaçqın Aİ ölkələri arasında bölüşülməlidir.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande bildirib ki, onlar qaçqınların Aİ-da bölüşdürülməsinə dair plan təqdim edəcəklər.






