Miqrant böhranı: Dənizdə boğulan uşağın fotosu dəhşət yaradıb
Diqqət: Bu məqalədə baxılması ağır olan görüntü var
Yunanıstana çatmağa çalışan qayığın Türkiyə sahillərində batması nəticəsində ən azı 12 suriyalı boğulub.
Qurbanlardan birinin – sahildə üzüqoyulu düşmüş oğlan uşağının fotosu böhranın yaratdığı insan faciəsinin bütün dünyanı riqqətə gətirən səhnəsinə çevrilib.
Türkiəynin bir xəbər agentliyi tərəfindən dərc olunmuş bu foto “dənizin sahilə atdığı insanlıq” tvitter postu ilə dünyanı dolaşır.
Bu il Avropa sahillərinə çıxmağa can atan minlərlə miqrant dənizdə boğulub.
Türkiyə sahil keşikçiləri bildiriblər ki, bu miqrantlar çərşənbə günü səhərin erkən saatlarında Yunanıstanın Kos adasına çatmaq üçün Türkiyənin Bodrum yarımadasından üzüblər, lakin onları aparan iki qayıq az sonra batıb.
Beş uşaq da daxil 12 nəfərin cəsədi sudan çıxarılıb. Bu dəstədən yalnız 9 nəfərin salamat qaldığı bildirilir. Bəziləri sahilə xilasedici qurşağın köməyi ilə çatıblar.
Əynində qırmızı mayka Bodrum yaxınlığındakı sahildə üzüqoyulu düşüb qalmış oğlan uşağının fotosu dalğalar cəsədləri sahilə atandan az sonra, təxminən səhər saat 6 radələrində çəkilib.
Türkiyənin “Doğan” agentliyi bildirir ki, bunlar İslam Dövləti qruplaşmasının silahlıları tərəfindən mühasirəyə alınmış Kobane şəhərindən qaçaraq ötən il Türkiyəyə gələn suriyalıların cəsədləri idi.
Türkiyə mediası cəsədlərin arasında öz yaxınlarını tanıyanların necə sarsılmasından yazır.
Şəkildəki uşağın üç yaşlı Alan olduğu xəbər verilir. O, beş yaşlı qardaşı Qalib və anası Rihanla birlikdə boğulub. Ata Abdullah Kurdi bu müsibətdən sağ çıxıb.
O və ailəsi qorxulu səfərə çıxmazdan əvvəl Kanadadan sığınacaq istəyibmiş, lakin onların ərizəsi rədd edilib.
Abdullahın bacısı, Vankuverdə yaşayan Tima Kurdi Kanadanın “National Post” qəzetinə deyib ki, o, qohumlarına Yaxın Şərqi tərk etməkdə köməklik göstərməyə çalışırmış.

Abdullahın Kobanenin mühasirəsi zamanı İD cihadçı qruplaşması tərəfindən işgəncələrə məruz qaldığı bildirilir.
“Mən onlara yardım etməyə çalışırdım, lakin onları oradan çıxara bilmədik. Elə buna görə də başlarına bu fəlakət gəldi” – deyib Tima.
Bu ailənin Türkiyəni tərk etmək üçün başqa çarəsi qalmadığı xəbər verilir, beləki, mövcud qaydalara görə Suriyadan olan kürd qaçqınların ölkədən çıxmasına yalnız pasportları olduğu halda icazə verilir.
Belə qaçqınların çox az hissəsində pasport olur.
Cəsədləri tapmış yerli balıqçı deyir ki, sahilə gəlib meyitləri aşkar edəndə, ürəyi sıxılıb.
BBC müxbiri Fergal Keane deyir ki, burada cəsədlər tapılandan sonra sahilin bu hissəsi məşhurlaşıb. O deyir ki, burda hər gün çarəsiz insanlara məxsus ən müxtəlif əşyaları görmək olar.
"Faciəli xəbərdarlıq"
BBC Alanın yalnız bir şəklini çap etməyi münasib bilib. Bu şəkildə Alanın üzü görünmür və o, Türkiyə polis zabitinin qucağındadır.
Lakin bir çox başqa xəbər qurumları bu oğlanın dəhşət doğuran daha çox fotolarını dərc edib.
Birləşmiş Krallıqda çıxan “The İndependent” qəzeti yazır ki, bu fotoları dərc etmək qərarına gəlib: Çünki bir çox qaçqınların üzləşdiyi real müsibətlər çox vaxt “miqrant böhranı” kimi qulağımızı qabar etmiş sözlərin arasında itib-batır.
Bu fotoya internetdəki güclü reaksiyaya baxmayaraq, Avropa liderlərindən elə bir münasibət səslənməyib.
Tima Kurdi Kanada jurnalisti Terry Glavinə bildirib ki, boğulmuş oğlanın atası ailəsini xilas etmək üçün bir xeyli çalışıb.
BBC5 Radiosuna müsahibə verən Glavin danışıb ki, ata boğulan ailə üzvləri arasında ora-bura üzürmüş.
Abdullah arvadını və iki oğlunu cəsədlərin arasında tapıb, lakin xanımını əvvəlcə tanıya bilməyb. Cəsəd qayalara çırpılaraq tanınmaz şəklə düşmüşdü.
Save The Children xeyriyyə cəmiyyətinin icraçı direktoru Justin Forsyth deyib ki, bu “faciəli foto daha yaxşı həyat üçün axtarışa çıxan uşaq və ailələrin üzləşdiyi təhlükələr barədə xəbərdarlıqdır”.
Onun fikrincə, bu şəkil həm də Avropsa İttifaqına bir çağırışdır ki, liderlər bir araya gəlib qaçqın böhranından çıxış yollarını müzakirə etsinlər.
Bu ilin yanvarından bəri təxminən 350 min miqrant təhlükəli səfərlər edərək Avropa sahillərinə çıxıb.
Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, bu müddət ərzində 2600 miqrant sularda boğulub.
Bu həftənin əvvəlində Türkiyə hökuməti bildirmişdi ki, ölkənin sərhəd keşikçiləri 2015-ci ilin ilk beş ayı ərzində Egey dənizindən 42 min miqrantı xilas ediblər.
Onların sayı təkcə ötən həftə 2160 nəfər olub.





