Çexiya polisinin miqrantların qollarını nömrələməsi narazılıq doğurub

Şəklin mənbəyi, AP
- Müəllif, Rob Cameron
- Vəzifə, BBC News, Praqa
Miqrantların qollarına nömrə yazan polislərin şəkilləri keçmiş dövrdə baş vermiş digər xoşagəlməz hadisələri xatırladıb.
Belə ki, Çexiya hakimiyyəti bu nömrələmə məsələsinin vizual olaraq Holokost dövrü ilə əlaqələndiriləcəyindən xəbərsizdir. Bildiyimiz kimi, Auşvits düşərgəsində məhbuslar bir qayda olaraq sıra nömrəsi ilə tatu olunurdu.
Əcnəbilərlə iş üzrə polis departamentinin sözçüsü bildirib ki, Cənubi Moravia regionunda yerləşən Bretslav dəmiryolu stansiyasında əsas önəm verilən məsələ 200 miqrantın şəxsiyyətinin müəyyən edilməsi və onların ailəvi şəkildə qruplaşmasını təmin etmək olub.
O əlavə edib ki, ingiliscə bilməyən çoxlu sayda sənədsiz insanla iş aparmaq çətindir və ona görə də onların qoluna flomasterlə sıra rəqəmləri yazılıb.
Bəziləri isə bu nömrələmə tədbirinə çox hiddətlənib.

Şəklin mənbəyi, AP
"Bunlar çox dəhşətli görüntülərdir", Qaçqınlara Kömək Təşkilatı adlı QHT-nin hüquq departamentinin sədri Hana Frankova bildirib.
"Bu, Qaçqınlar üzrə Konvensiyaya tamamilə ziddir, belə ki, imza atması tələb olunan sənədsiz gəlmiş qaçqınlarla bu cür davranmaq olmaz", o BBC-yə bildirib və əlavə edib ki, sığınacaq istəyən insanların şəxsiyyətini müəyyənləşdirmək üçün prosedur qaydaları mövcuddur.
Çexiyalı rəsmilər deyir ki, miqrantlar indi polislər üçün nəzərdə tutulmuş bir neçə gimnastika zalında yerləşdirilib və onların həqiqətən də sığınacaq istədiyi müəyyənləşdirilənə qədər burada qalacaqlar.

Şəklin mənbəyi, Getty images
Əgər onların əvvəlcədən sığınacaq istədiyi müəyyənləşdirilməsə, Dublin Nizamnaməsinə uyğun olaraq, Çexiya hökuməti onları ilk qeydiyyatda olduğu Avropa İttifaqı ölkəsinə qaytaracaq. Bir çox hallarda bu ölkə Macarıstan olur, lakin hazırda o miqrant axınından əziyyət çəkir.
Əks halda, çox güman ki, Almaniyaya göndərilənə qədər, onlar altı həftəyə qədər həbsxanaya bənzər yerlərdə saxlanılacaq.
Düşmənçilik
Bəzi müşahidəçilərin fikrincə, əsas sual onların niyə burada saxlanmasıdır.
Demək olar ki, onların heç biri Çexiyada sığınacaq almaq üçün mürəciət etmək istəmir. Bu il Çexiyaya sığınacaq almaq barədə 884 nəfər ərizə göndərib.

Şəklin mənbəyi, Getty
Bütün miqrantlar və əsasən də suriyalılar Almaniyaya getmək istəyir və bilirlər ki, bu ölkə ən azı onlara qucağını açacaq.
Onları Çexiyalı vergi ödəyənlərin hesabına gözaltında saxlamağın nə mənası var? Onlara 6 həftəlik saxlanmadan sonra hesab təqdim olunacaq və əlbəttə ki, onların az bir qisminin bunu ödəməyə pulları olur.
"Çexiya rəsmiləri onları cinayətkar kimi qələmə verir və onlar saxlanılan zaman ictimaiyyət arasında rezonans yaranır".
Aydındır ki, bu rəsmi açıqlama deyil. Rəsmilər bildirir ki, onlar Çexiya torpağına sənədsiz daxil olduqlarına görə saxlanılıb.
Lakin burada ictimai abu-hava getdikcə daha mərhəmətsiz olur. Dəmir yolu stansiyasındakı saxlanılmış miqrantların yerləşdirilməsi məqsədilə şəhərdən kənarda yaradılmış çadır şəhərciyinin ucaldılmasına qarşı Bretslavda nümayiş keçirməyə çağıran petisiyalar paylanılır. Bu artıq ölkə səviyyəsində düşmənçiliyə çevrilir.
Çərşənbə günü nəşr olunmuş yeni sorğunun nəticələrinə görə çexlərin 94%-i hesab edir ki, Avropa İttifaqı qaçqınları gəldikləri yerə qaytarımalıdır, 32% isə onlara ümumiyyətlə kömək olunmamasını istəyib.
Sorğuda iştirak edənlərin 75%-dən çoxu Aİ-nin pasportsuz azad keçidi təmin edən Şengen sazişinin ləğv olunmasını və Çexiya sərhəd keşikçilərinin öz vəzifələrinə qayıtmasını istəyib.







