Baxış nöqtəsi: Münhenin qaçqınlara qucaq açması Avropanı utandırmalıdır

Almaniyaya xoş gəlmisiz: yeni gəlmiş uşaq polis papağını yoxlayır

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Almaniyaya xoş gəlmisiz: yeni gəlmiş uşaq polis papağını yoxlayır
    • Müəllif, Heribert Prantl
    • Vəzifə, “Sueddeutsche Zeitung” qəzetinin daxili məsələlər redaktoru

İncilin Yaxşı Samirilər barədə hekayəti ötən həftəsonu Almaniyada gerçəyə çevrilib.

Bavariya polisi onun papağını geyinmək istəyən seyrəkdiş balaca suriyalı oğlanın xətrinə dəyməyib.

Əldən düşmüş bir kişinin üzünü saqqal basıb. Göz yaşlarını silməkdə davam edir.

Şad görünən bu cavan yumorundan qalmır. Barmaqları ilə “ürək” işarəsi “düzəldib”.

Münhenin əsas dəmiryolu stansiyasında ürək qızdıran səhnələr yaşanır. Həftələrlə yürüyən insanları alqışlarla, şirniyyat və oyuncaqlarla salamlayırlar. Salamlayanlar yalnız siyasi fəallar deyil, onların əksəriyyəti adi vətəndaşlardır.

Bu vətəndaşlar Münhen dəmiryolu stansiyasına və Almaniyanın başqa şəhərlərinə gəlişləri ilə sanki qaçqınlara demək istəyiblər: “Siz lənətlənmişlər deyilsiniz, xoş gəlmisiniz. Biz üzləşdiklərinizə görə sizə hörmətimizi izhar edirik”.

Burada minlərlə kiçik jestlər edilir. Bütün bunlar ona görə baş verir ki, kansler Angela Merkel bir böyük jest edib: Almaniya Macarıstanda ilişib qalmış Suriya qaçqınlarını qəbul edəcək.

Qaçqınlarla Macarıstanda pis davranıblar, Avstriyadan onları yola salıblar, Almaniyada isə salamlayıblar.

Hitler yaddaşından xilas

Bu, təsirli və möhtəşəm, həm də tarixi səhnə idi. Münhen Almaniyanın böyük bir qəbul məntəqəsinə çevrilib. Burada qaçqınlara dövlət tərəfindən, yaxşı idarə olunan inzibati orqanlar, şəhər meriyası tərəfindən, qonaqpərvər vətəndaş cəmiyyəti tərəfindən ilk yardım göstərilir.

Bu xoş məram dövlətin, qaçqınları inteqrasiya etməli olan cəmiyyətin üzləşdiyi bir çox problemləri həll etməyəcək, lakin bu problemlərin həllinə yardım göstərəcək və ola bilsin ki, yoluxucu bir xoş məram olacaq.

Münhen 1938-ci ildə imzalanmış Münhen Sazişinin şəhəridir. Bu saziş Hitler diktaturasına rəvac vermis, Birinci Dünya Müharibəsinin dağıtmağa vaxtı çatmayanları da dağıdacaq qatarı hərəkətə gətirmişdi.

Könüllülər qaçqın uşaqlara oyuncaq paylayır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Könüllülər qaçqın uşaqlara oyuncaq paylayır

İndi, 2015-ci ildə Münhen yeni bir ənənənin əsasını qoya bilər. O himayə və yardımın simvoluna çevrilə bilər.

Yuxarı Bavariya torpağının baş naziri Christoph Hillenbrand həftəsonu heç kəsin alman rəsmisindən gözləmədiyi bir heyrətamiz kəlam deyib: “Hüquqi məsələlər hazırda mənim üçün mühüm deyil”.

Bu, hər şeydən əvvəl böyük Münhen ərazisində qaçqınların qəbulu üçün məsul olan şəxsə görə “humanitar menecment” məsələsidir.

Bu o deməkdir ki, bu rəsmi, kansler Merkelin kursunu tutub. Qaydalar və təlimatlar hazırda hərəkilik və ilkin yardım qədər mühüm məsələ deyildir, deyib kansler.

O deyir ki, bəzi Avropa liderlərinin bu yardımın daha çox qaçqını şirnikləndirəcəyi barədə dedikləri rüsvayçılıqdır.

Almaniya qaçqınları pərikdirmək siyasətinə alternativ bir yol seçib.

Münhen Sazişi, 1938: razılaşmaya əsasən Hitler Çexoslavakiyanın bir hissəsini ilhaq edir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Münhen Sazişi, 1938: razılaşmaya əsasən Hitler Çexoslavakiyanın bir hissəsini ilhaq edir

İfrat sağçı düşmənçilik

Nələr baş verir? Gördüklərimiz bir möcüzədirmi? Almaniya bir gecədə xeyriyyə cənnətinəmi çevrilib? Amma gərək bunu şişirtməyək. Almaniya cəmiyyəti bütövlükdə Avropa kimidir: yardım etmək istəyi ilə ümidsizlik, havadarlıqla qızışdırıcılıq arasında parçalanır.

Almaniyada getdikcə artan zəhərləyici bir anti-mühacirət ab-havası da var. Bu qəddarlıq aktlarında, ölüm təhdidlərində və qızışdırıcı nitqlərdə zühur edir.

Hədələr qaçqınlara tərəf yönəlib: “Biz sizləri yandıracağıq” deyirlər. Lakin son vaxtlarda həm də qaçqınları müdafiə edən siyasilər təhdid edilir.

Keçən ay Heidenau şəhərində miqrant əleyhinə olan izdiham Kansler Merkelə qarşı şüarlar səsləndirib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Keçən ay Heidenau şəhərində miqrant əleyhinə olan izdiham Kansler Merkelə qarşı şüarlar səsləndirib

İki həftə bundan əvvəl xanım Merkel Şərqi Almaniyadakı Haydenau şəhərində qaçqın yataqxanasına baş çəkmişdi. Antimiqrant fəallar onun üzərinə nifrət dolu şüar yağdırmışdılar. Merkelin qərarına həm də bu bucaqdan baxılmalıdır. O sanki siqnal vermək istəyirdi: Almaniya neonasistlər üçün yuva deyil, Almaniya yardım əli uzadır, Almaniya Avropaya ibrət dərsi verir.

Almaniyada iki cəmiyyət mövcuddur: Biri maariflənmiş, açıq, yaxşı gələcəyin birlikdən asılı olduğunu bilən və 4 milyonluq müsəlman əhalinin Almaniyanı özünə ev hesab etməsini istəyən cəmiyyətdir. Bu geniş qəlbli cəmiyyət həm də başa düşür ki, Avropa özünü təcrid edə bilməz və qloballaşan dünyada “Avropa qalası” absurddur. Hazırda xanım Merkel bu cəmiyyətin avanqardıdır.

Lakin başqa bir cəmiyyət də var. Bu, mədəniyyətsiz, qaraqışqırıqçı, xaricilərə düşmən olan cəmiyyətdir. Bu cəmiyyət son aylarda özünü Pegida yürüşləri deyilən aksiyalarla göstərib.

Pegida (Patriotic Europeans against the Islamisation of the West) qısaca Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar deməkdir. Bu təşkilatın rəğbətliləri arasında ifrat sağçılarla yanaşı, adi, orta sinfə aid olan insanlar da var. Lakin miqrantlar üzərinə bir çox hücumlar hərəkatı gözdən salıb. Bu il 300 belə hücum olub.

Çoxmədəniyyətli Almaniya

Qaçqınların təntənəli salamlanması işıqlı və dost Almaniyanın, qaranlıq və anti-əcnəbi Almaniyaya reaksiyasıdır. Lakin işıqlı Almaniya hələ tam qələbə qazana bilməyib.

Ötən önilliklərdə Almaniya çoxdinli, çoxmədənniyyətli ölkəyə çevrilib.

1950-ci ildə hər iki Almaniyada protestantlar və katoliklər əhalinin 96 faizini təşkil edirdilər. Yerdə qalan 4 faiz ya qeyri-xristianlar, ya da dini olmayanlar idi.

Bu gün mənzərə nəzərəçarpacaq dərəcədə fərqlidir: Əhalinin 60 faizi protestant və katoliklərdən, 30 faizi dindar olmayanlardan, 10 faizi isə başqa dinlərə sitayiş edənlərdən ibarətdir. Sonuncu kateqoriyanın yarısı müsəlmanlardır. Yəhudi icmasının üzvləri 100 min nəfərdir.

Almaniya əlvan bir ölkəyə, miqrasiyanın istiqamətinə çevrilib. Xanım Merkelin öz siyasi partiyası XDİ/XSİ uzun illər buna müqavimət göstərib. Xristian-sosialistlər Bavariyada hələ də azacıq müqavimət göstərirlər. Çünki onlar bəzi sağ cinah elektoratını itirmək istəmirlər.

Ona görə də qaçqınların kanslerin siyasəti əsasında qəbul edilməsi, ilk növbədə onun öz partiyası üçün mesajdır. İkincisi, bu Almaniya cəmiyyətinə, üçüncüsü isə başqa Avropa İttifaqı üzvlərinə verilən mesajdır.

Onun öz partiyası XDİ üçün bu o deməkdir ki, mühacirətə güclü müqavimət siyasətinin günləri çoxdan geridə qalıb.

Maariflənmiş vətəndaş cəmiyyəti üçünsə mesaj bundan ibarətdir ki, “Mən sizinləyəm, təməl insan haqlarına hörmət edirəm və qorxmadan onların müdafiəsinə qalxıram”. Avropa İttifaqına verilən mesaj isə belə başa düşülməlidir: Almaniya nümunə göstərir, Almaniya yardım edir və gözləyir ki, siz də ondan nümunə götürəsiniz.

Avropa İttifaqına oyanış siqnalı

Bu həm də Avropanın sığınacaq siyasətində yaranmış ətalətə üstün gəlmək cəhdidir. Bu problem bizi bütün bu əsr boyunca müşaiyət edəcək.

Xanım Merkel liderlik nümayiş etdirib. Onu, xüsusilə cənubi Avropada Yunanıstan siyasətinə görə pisləyirdilər, rəhmsizlikdə ittiham edirdilər.

Berlinin Kreuzberg rayonunda türk küçə yeməyi - burada böyük müsəlman icması yaşayır

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Berlinin Kreuzberg rayonunda türk küçə yeməyi - burada böyük müsəlman icması yaşayır

Hazırkı “xoş gəldiniz” siyasəti Almaniyanın açıq qapılar siyasətinə çevrilməyəcək. Tezliklə qaçqınların qəbul edilməsinə yenidən əngəllər yaradılacaq. Qəfil və böyük salamlama müstəsna vəziyyətdə baş verən müstəsna hadisə olub. Lakin bu, yenə də tarixi bir qərar idi.

Bu, Münhendə Hitlerin əleyhinə çıxan bir qrup tərəfindən yayılmış Ağ qızılgül vərəqələrini xatırladır: “Əgər hamı kiminsə başlayacağını gözləsə, heç kim başlamaz!” Bu ifadə acı zamanlardan qalıb, lakin onun yeri heç də anti-Hitler müqaviməti muzeyinin rəfi olaraq qalmamldır. Hər bir kəs bu ifadənin bu gün nə məna verdiyini düşünməlidir. Bu, Avroapa İttifaqı liderlərinə də aiddir.

Professor Heribert Prantl Münhendə çıxan gündəlik alman qəzeti “Sueddeutsche Zeitung”un böyük redaktorudur.