Şimali Koreya baş nazirinin müavini Choe Yong-gon “edam olunub”

Şəklin mənbəyi, UNG.AFP Getty

Cənubi Koreya hökuməti bildirib ki, may ayında prezident Kim Jong-un əmrilə Şimali Koreya baş naziri müavininin güllələnməsi barədə məlumatları izləyir.

Cənab Choe “gənc rəhbərin meşəsalma siyasətilə bağlı narazılıq ifadə etdikdən” sonra edam olunub, Cənubi Koreyanın Yonhap xəbərlər agentliyi bildirir.

Agentliyə əsasən, Kim Jong-un rəhbərliyi dövründə 70-dək rəsmi edam olunub.

BBC iddiaları müstəqil mənbədən təsdiq edə bilməyib.

Pxenyan edamlarla bağlı Cənubi Koreyada peyda olan məlumatları olduqca nadir hallarda təsdiq edir.

Cənab Choe sonuncu dəfə ictimaiyyət qarşısına dekabr ayında çıxıb, Cənubi Koreyanın Birləşdirmə Nazirliyi bildirir.

Adətən Şimali Koreya barədə xəbərləri ilk yayımlayan Yonhap agentliyi hadisənin təfərrüatlarına varmır.

Vaxtilə inşaat və tikinti materialları nazirinin müavini olmuş Choe Yong-gon 2000-ci ildə Cənubi Koreya ilə ticarət danışıqlarında ölkəsinin nümayəndə heyətinə başçılıq edib.

O, ötən ilin iyun ayında baş nazirin 7 müavinindən biri olub. Təyinatı şərh edən təhlilçilərdən biri bu addımı Pxenyanın Seulla daha yaxın əlaqələrə can atması əlaməti kimi dəyərləndirib.

Edamlar silsiləsi

Aprel ayında Cənubi Koreyanın kəşfiyyat agentliyi bildirib ki, Kim Jong-un ilin ilk 4 ayında 15 rəsminin edamı barədə əmr verib.

May ayında Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın müdafiə naziri Hyon Yong-chol-un "liderə sədaqətsizlik" göstərdiyi üçün havadan müdafiə topunun atəşilə güllələndiyini bildirib.