Kassigin qətli: Qərbli cihadçıların kimliyi araşdırılır

Şəklin mənbəyi, AP
Qərbin kəşfiyyat rəsmiləri ABŞ humanitar yardım işçisi Əbdül-Rəhman Kassigin və 18 Suriya məhbusunun başlarının kəsilməsini göstərən videodakı İslam Dövləti (İD) yaraqlılarının şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırlar.
26 yaşlı cənab Kassig İD-in qətlə yetirdiyi beşinci qərbli girovdur.
Fransanın daxili işlər naziri deyib ki, videodakı yaraqlılardan birinin Maxime Hauchard adlı 22 yaşlı fransız olması güman edilir.
Digər yaraqlının britaniyalı olduğu xəbər verilib, lakin indi, 20 yaşlı Nasser Muthananın atası videodakı şəxsin onun oğlu olduğunu inkar edir.
“The Daily Mail” qəzetinin bundan əvvəl verdiyi müsahibədə Ahmed Muthana “bu, mənim oğluma oxşayır” demişdi.
Lakin cənab Muthana indi bildirir ki, onun oğlu videodakı 16 cihadçının arasında yoxdur.
Təhlil: Frank Gardner, BBC təhlükəsizlik məsələləri müxbiri
İnternetdə yerləşdirilmiş 16 dəqiqəlik videosüjet, görüntülərinə görə qəddarlığı ilə yanaşı, həm də cinayətləri törədənlər və onların harada olduqlarına dair zəngin material verir. Bu, bilərəkdən edilib. İD ona qarşı təşkil olunmuş Qərb koalisiyasını lağa qoyur və sanki deyir: Baxın biz buyuq, cəsarətiniz varsa, gəlib bizi tutun.
Kəşfiyyat agentlikləri kütləvi baş kəsilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi üçün üz quruluşunu aşkarlayan kompüter proqramından istifadə edəcək, onların əsl adları və mənşələri qəbul etdikləri döyüş ayamaları ilə tutuşdurulacaq. İD videoda həmçinin yerin adını çəkir. Bu, şimali Suriyadakı Dəbiq məntəqəsidir. Müsəlman hədislərindən birinə görə, müsəlmanlar və qeyri-müsəlmanlar arasında Qiyamət davası məhz burada olmalıdır.
Öz şəxsiyyətini gizli saxlayanlardan biri də Birləşmiş Krallıq mediasında “Cihadçı John” kimi təqdim olunan britaniyalı döyüşçüdür. Onun Londondan olduğu düşünülür və istər FTB, istərsə də Mİ5 onun kimliyini demək olar ki, bilirlər, lakin yalnız onlara bəlli səbəblərdən adı açıqlamırlar.
İrsi yaşatmaq
İD-in videosunda bir maskalı şəxsin kəsilmiş başın üzərində durduğu görünür. Ağ Ev bunun cənab Kassigin başı olduğunu təsdiq edib.
O, Suriya və İraqda böyük ərazilərə nəzarət edən İD tərəfindən 2013-cü ilin oktyabrında, şərqi Suriyadakı Deyr əz-Zur şəhərinə səfər edərkən ələ keçirilib.

Şəklin mənbəyi, BBC World Service
Onun İndiana ştatındakı valideynləri Ed və Paula övladlarının ölümündən sarsıldıqlarını bildiriblər.
“Biz oğlumuzun həyatını öz humanitar duyğularının çağırışına uyğun şəkildə yaşaması ilə son dərəcə fəxr edirik – deyib valideynlər – Biz onun irsini yaşatmaq üçün əlimizdən gələn nə varsa, edəcəyik”.
İD-in sonuncu videosunda, həmçinin ordu zabitləri və təyyarəçiləri kimi təqdim olunan 18 Suriya əsirinin başlarının kəsilməsi nümayiş etdirilir. Onların ötən avqust ayında Tabqa hərbi-hava bazasında əsir götürüldükləri bildirilir. Onların əksəriyyəti Ələvi dini təriqətinə aiddir və müxalif Suriya İnsan Haqları Müşahidə qrupunun məlumatına görə Latakiya və Tartus şəhərlərindəndir.
İD-in əvvəlki videolarından fərqli olaraq, sonuncu süjetdə bir çox yaraqlıların üzləri görünür və yerin adı dəqiq qeyd olunur. Bu, Suriyanın Hələb əyalətindəki Dəbiq məntəqəsidir.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki, Fransa Kəşfiyyat Departamentinin qənaətinə görə “bir fransız vətəndaşının bu dəhşətli cinayətlərin törədilməsində birbaşa iştirak etməsi son dərəcə güclü ehtimal olunur”.
“Təhqiqatlar davam edir, lakin çox güclü ehtimal var ki, bu şəxs 1992-ci il təvəllüdlü, əslən Fransanın Ör əyalətindən olan və 2012-ci ildə Mavritaniyada qaldıqdan sonra, 2013-cü ilin avqustunda Suriyaya səfər etmiş Maxime Haucharddir” – deyib nazir.
Britaniyada Muthananın atası Ahmed, əvvəlcə videoda oğlunu tanıdığını söyləsə də, sonradan deyib ki, görüntü tutqundur və o, süjetdəkinin oğlu olduğuna əmin deyil.
O deyib ki, süjetin özünü görməsə də, gördüyü şəkillərə əsasən videodakının onun oğlu olmadığını təsdiq edə bilər.
Nasser Muthana ötən iyun ayında İD-in səfərbərlik çağırışı edən videosunda görünmüşdü.
Sözü gedən şəxs başqa bir adamın – “Cihadçı John” ləqəbli britaniya yaraqlısı kimi şübhəli sayılan şəxsin sağ tərəfində dayanıb. Bu adam balaklavalı qara paltardadır, halbuki qalan yaraqlılar hərbi formalarda görünürlər.
“Cihadçı John” İD-in bundan əvvəlki videolarında qərbli girovlar – britaniyalı Alan Henning və David Hainesin, habelə Amerika jurnalistləri James Foley və Steven Sotloffun başlarını kəsərkən görünür.
Abdul-Rahman Kassig

Şəklin mənbəyi, BBC World Service
- 2007-ci ildə İraqda ABŞ əsgəri kimi xidmət edib.
- O, təcili tibbi yardım işçisi təlimi alıb və Suiriyadakı qaçqın düşərgələrinə yardım məqdsədilə təchizat təşkilatı yaradıb.
- 2013-cü ilin oktyabrında bir layihənin icrası üçün şərqi Suriyaya səfər edərkən oğurlanıb.
- 2013-cü ilin sonlarında İslamı qəbul edərək Peter Kassig adını dəyişib.

Şəklin mənbəyi, BBC World Service




