Obama İD-ə qarşı "yeni döyüş mərhələsi"nə işarə edib

Şəklin mənbəyi, Reuters
Barack Obama İraqda 1,500 ABŞ əsgərinin yerləşdirilməsini İslam Dövləti silahlılarına qarşı mübarizənin “yeni mərhələsi" adlandırıb.
Amerikanın CBS TV kanalına danışan ABŞ prezidenti deyib ki, İraqa yeni göndərilmiş hərbçilər qrupu bilavasitə döyüşlərə qatılmayacaq müşavirlərdən ibarət olsa da, İD-ə qarşı həmlələrə kömək edəcək.
İraq və kürd birləşmələrinə havadan dəstək göstərən, Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələri avqust ayından bəri bölgədəki hədəflərə yüzlərlə hava zərbələri endirib.
İraq qüvvələri ölkənin ən böyük neftayırma müəssisəninin yerləşdiyi Baiji şəhərinin yarısı üzərində nəzarəti yenidən ələ keçirə biliblər, İraq rəsmiləri bildirirlər.
İslam Dövləti döyüşçüləri şəhərə iyun ayında daxil olsalar da, neftayırma zavodunu zəbt edə bilməmişdilər.
"Birinci mərhələ mötəbər və bütün qüvvələri əhatə edən İraq hökumətini yaratmaq idi. Biz buna nail olduq”, - CBS kanalına müsahibəsində Barack Obama bildirib.
"İndi İraqın quru qüvvələri [İD-ni] geri oturtmalıdırlar”.
“İraqa əlavə qoşun hissələri göndəriləcəkmi” sualına Barack Obama belə cavab verib: "Baş komandan olaraq mən heç vaxt “heç vaxt” deməyəcəm.
İraqa 1,500 ABŞ əsgəri bu ölkənin xahişilə göndərilib.
ABŞ hərbçiləri 9 İraq ordusu və 3 peşmərgə briqadasına təlim keçmək məqsədilə bir neçə mərkəz təsis edəcəklər, Pentagon bildirir.




