Rusiya “NATO-ya qarşı hərbi doktrinasını dəyişir”

rusiya

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ukraynadakı böhran üzərinə Rusiya və NATO ölkələri arasında gərginlik artıb

Rusiya Ukraynadakı böhran və NATO-nun Şərqi Avropada güclənməsinə cavab olaraq öz hərbi doktrinasını dəyişdirməyə hazırlaşır, yüksək çinli Rusiya rəsmisi bildirib.

Kremlin məsləhətçisi Mixail Popov deyib ki, ABŞ və NATO ilə münasibətlərin korlanması yenilənən hərbi strategiyada öz əksini tapacaq.

Bazar ertəsi NATO, üzvlərini qorumaq üçün Şərqi Avroapada daha da güclənəcəyini bildirmişdi.

Ukrayna qoşunları şərqi Ukraynadakı rusiyapərəst üsyançılarla mübarizəni davam etdirir.

Bazar ertəsi Ukraynanın müdafiə naziri Rusiyanı minlərlə insanın həyatına təhlükə ola biləcək “böyük müharibə” başlatmaqda günahlandırıb. Rusiya isə iddiaları rədd edərək, üsyançıları dəstəklədiklərini inkar edir.

Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini olan cənab Popov, Rusiyanın RİA xəbər agentliyinə bildirib ki, NATO “Rusiya ilə gərginliyi artırır”.

“NATO-ya üzv olan ölkələrin hərbi infrastrukturu genişlənməklə Rusiya sərhədlərinə yaxınlaşır” və bu, Rusiya üçün ən əsas “xarici təhlükələrdən” biridir, Cənab Popov bildirib.

Doktrinanın dəyişdirilməsi ilə bağlı detallar isə məlum deyil.

NATO bazar ertəsi Şərqi Avropadakı üzvlərini Rusiyanın mümkün təcavüzündən qorumaq üçün bir neçə min qoşundan ibarət çevik qüvvələr yaratmaq planını açıqlamışdı.

Yeni tədbirlərin bu həftə Uelsdə keçiriləcək NATO zirvəsində təsdiqlənəcəyi gözlənilir.

NATO təhlükəsizlik alyansı Polşa və Çex Respublikası kimi Şərqi Avropa dövlətləri də daxil olmaqla 28 üzv ölkəni əhatə edir.

Bu arada, Rusiya rəsmisi, Rusiya prezidenti Vladimir Putinin “əgər istəsəm, Kiyevi iki həfətə içində zəbt edə bilərəm” şərhinə münasibət bildirib.

Bu şərhin Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə telefon müzakirəsi zamanı edildiyi bildirilir və bu barədə İtaliyanın La Repubblica qəzeti yazıb.

Rusiyanın İtar-Tass xəbər agentliyinin yaydığı məlumata görə, Kreml müşaviri Yuri Uşakov bu şərhin “kontekstdən çıxarıldığını və tamamilə başqa mənada işləndiyini” bildirib.

Təhlil – Jonathan Marcus, BBC diplomatik müxbiri

Ukrayna böhranına cavab olaraq NATO, yeni, cəmi iki gün içində toplana biləcək “iti” qüvvələr yaratmağa hazırlaşır.

NATO rəsmilərinin bildirdiyinə görə, bu geniş tədbirlər təkcə Ukrayna ilə bağlı deyil və alyans içində istənilən bölgəyə çevik hərəkət etmə və əminlik yaratmaq məqsədi daşıyır.

Bu cür qüvvələrin effektiv olması üçün davamlı təlimlər həyata keçirilməli və NATO rəsmilərinin də bildirdiyi kimi, bəzi qərargahların potensial təhlükə olan bölgələrdə, indiki halda isə NATO-nun şərq və cənub sərhədlərində yerləşdirilməsi lazımdır.

Yanacaq ehtiyatlarının və silah-sursatın da şərqə doğru yerdəyişməsinə ehtiyac ola bilər.