Avropada Rusiyanın "birbaşa təcavüzkarlığı"ndan narahatlıq

Şəklin mənbəyi, Getty

Ukraynanın şərqinə Rusiya qoşunlarının yeridilməsi barədə ittihamlardan sonra Brusseldə toplaşan Avropa liderləri Moskvaya qarşı növbəti addımlarını müəyyən etməlidirlər.

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın “Ukraynaya qarşı təcavüzkarlığı”nın “dərin narahtlıq” doğurduğunu bəyan ediblər.

Cümə günü NATO Moskvanı Ukrayna suverenliyini pozmaqda suçlayıb. Moskva bu kimi ittihamları daima rədd edir.

Brussel toplantısında 28 ölkəni təmsil edən nümayəndələr həmçinin Avropa Şurasının sədri Herman Van Rompuy və Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashton-u əvəzləyəcək namizədləri nəzərdən keçirməlidir.

Brüsseldəki sammitin işinə qatılmaqdan öncə Avrokimissiyanın rəhbəri Jose Manuel Barroso ilə görüşən Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin "hərbi təcavüzkarlıq və terror qurbanı" olduğunu deyib.

O, ölkəsinə "minlərlə xarici əsgər və yüzlərlə tank yeridildiyini deyib".

Şəklin mənbəyi, BBC World Service

Avrokomissiyanın sədri bildirib ki, Avropa İttifaqı öz prinsiplərini müdafiə etməyə hazırdır.

Jose Manuel Barroso "qayıdış nöqtəsini keçənədək" vəziyyətin siyasi həllinə çağırıb.

İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashton Rusiyaya müraciətində Ukrayna ərazisinə silah, texnika və canlı qüvvə axınını dayandırmağa səsləyib.

Cümə axşamı Petro Poroşenko Rusiya Ordusunun Ukraynaya daxil olduğunu bildirib.

"Dünya Ukraynada vəziyyətin qəfil gərginləşməsinə qiymət verməlidir", Poroşenko qeyd edib.

Bəzi xəbərlərə əsasən rusiyapərəst qüvvələr İllovaysk şəhəri yaxınlığında mühasirəyə düşən Ukrayna hərbçilərinə Şənbə günü səhərədək təslim olmaq barədə ultimatum veriblər.

Şərqi Ukraynada davam edən döyüşlərdə 2,500-dən artıq adam həlak olub.