Ukrayna "Rusiyadan müdaxilə edən kolonla vuruşur"

Şəklin mənbəyi, BBC World Service
Ukrayna ordusu Rusiyadan keçən və cənub-şərqdəki Mariupol şəhərinə yol alan üsyançıların zirehli maşınları ilə vuruşduğunu deyir.
Ordu bildirir ki, üsyançıların kolonnası Novoazovsk şəhəri yaxınlığında saxlanıb.
Hərbi komandirlərdən birinin dediyinə görə, belə görünür ki, rusiyapərəst üsyançılar cənubda yeni cəbhə açmağa hazırlaşırlar.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə məlumata malik olmadığını deyib və hər zaman "müdaxiləmiz barədə dezinformasiyalar" yayılmasından şikayətlənib.
O eyni zamanda Rusiyanın “qarşıdan gələn bir neçə gündə” Ukraynanın şərqinə daha bir humanitar yardım karvanı göndərməyi planlaşdırdığını bildirib.
Cənab Lavrov deyib ki, Şərqi Ukraynadakı humanitar şərait “pisləşməkdədir”.
Ukrayna Rusiyadan göndərilmiş birinci yardım karvanına rəsmi razılıq verməmişdi. Kiyev yardım karvanında rusiyapərəst separartçılar üçün hərbi yüklər gətirilə biləcəyindən narahat idi.

Ukrayna rəsmiləri bildiriblər ki, bazar ertəsi zirehli maşınlardan ibarət hərbi karvan Rusiya ərazisindən Ukraynaya keçib və orada ağır toqquşmalara səbəb olub.
Sərhədin Ukraynanın cənub-şərqində yerləşən Mariupol şəhəri yaxınlığında keçildiyi xəbər verilib.
“Ukrayna sərhədi onlarca tank və zirehli maşından ibarət karvan tərəfindən pozulub” – hərbi sözçü Leonid Matyukhin France-Press Agentliyinə deyib.
“Karvanın qarşısı bizim sərhəd keşikçilərimiz tərəfindən kəsilib…Orada döyüşlər davam edir” – deyib sözçü.
Son aylarda Ukrayna hökumət qüvvələri ilə separatçılar arasında davam edən döyüşlərdə 2000 nəfər həlak olub. 330 min insan evlərini tərk edib.
Rusiya və Ukrayna prezidentlərinin böhrana dair danışıqlarının çərşənbə axşamı Belarusiya paytaxtı Minskdə keçirilməsi planlaşdırıılır.
“Zirehli karvan”
Cənab Lavrov deyib ki, Ukrayna Xarici İşlər Nazirliyinə yeni karvan barədə nota göndərilib.
Bazar ertəsi keçirilən mətbuat konfransında nazir deyib ki, Ukraynanın şərqindəki “humanitar vəziyyət yaxşılaşmır, əksinə pisləşməkdə davam edir”.
“Biz qarşıdan gələn günlərdə ikinci karvanın eyni marşrutla çatdırılmasının bütün şərtlərinə dair razılaşma əldə etmək istəyirik” – deyib Lavrov.
Rusiya bildirir ki, birinci karvanla generatorlar, ərzaq və su çatdırılıb.
Ukrayna mənbələri xəbər verirlər ki, üzərində qondarma Donetsk Xalq Respublikasının bayraqları olan 30-dək zirehli maşından ibarət karvan liman şəhəri Mariupol yaxınlığında Ukrayna ərazisinə daxil olub.
Mariupol hazırda ötən may ayında buranı qiyamçılardan geri almış Ukrayna qüvvələrinin nəzarətindədir.
Zirehli karvan barədə suala cavab verərkən cənab Lavrov deyib: “bu barədə heç nə eşitməmişəm, lakin bu günlərdə bizim “müdaxiləmiz” barədə xeyli dezinformasiya yayılır”.
Ukrayna və Qərb Rusiyanı qiyamçıları silahlandırmaqda ittiham edirlər, Moskva isə bu iddiaları rədd edir.
Sərhədin zirehli maşınlar tərəfindən keçilməsinə dair əvvəllər də xəbərlər yayılıb.
Parad
Prezidentlərin çərşənbə axşamı keçirilməsi planlaşdırılan görüşü barədə Lavrov deyib ki, “Moskva bütün formatlara hazırdır, təki ortada nəticə olsun”.
O əlavə edib ki, Rusiya ukraynanlıların öz aralarında razılığa gəlmələrinə çalışır.
Cənab Lavrov həmçinin qiyamçılara əsir düşmüş Ukrayna əsgərlərinin bazar günü Donetskin mərkəzində paraddan keçirilməsini şərh edib.
Parad zamanı əsirlər keçərkən kütlə onlara “faşist” deyə qışqırırdı.
Rusiya xarici işlər naziri deyib ki, bunu heç də “pis rəftar” hesab etmir və Ukrayna döyüşçülərinin hərəkətləri çox vaxt hərbi cinayət kimi qiymətləndirilə bilər.
“Mən o paradın görüntülərinə baxmışam və aşağılayıcı hesab edilə biləcək heç nə görməmişəm” – deyib Lavrov.
Şərqi Ukraynada zorakılıqlar ötən apreldə oradakı rusiyapərəst separatçılar Donetsk və Luqansk regionlarının Ukraynadan müstəqil olduqlarını elan etdikdən sonra başlanıb. Bundan əvvəl, mart ayında Rusiya Ukraynadan Krım yarımadasını ilhaq etmişdi.




