Poroşenko: Rusiya qoşunları Ukraynaya yeridilib

Şəklin mənbəyi, AP

Ukrayna prezidenti Petro Poroşenko Ukraynaya Rusiya qoşunlarının yeridildiyini elan edib.

Prezidentin internet saytında dərc olunmuş xəbərdə deyilir ki, Poroşenko “Rusiya qoşunlarının Ukraynaya yeridilməsi ilə əlaqədar Donbas vilayətində, xüsusən də Amvrosiyevka və Starobeşevoda vəziyyətin son dərəcə kəskinləşməsinə” görə Türkiyəyə səfərini təxirə salıb.

“Dünya Ukraynadakı vəziyyətin kəskinləşməsinə münasibət bildirməlidir” – deyib Poroşenko.

BMT Təhlükəsizlik Şurası böhranı müzakirə etmək üçün cümə axşamı günü Bakı vaxtı ilə axşam saat 11-də təcili toplantı keçirəcək.

Nato generalı Niko Tak BBC-ə bildirib ki, "Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin miqyas və səviyyəsində son iki həftədə güclü irəliləyiş olub".

"Nato silahların, o cümlədən havadan müdafiə sistemlərinin, artilleriya, tanklar və zirehli personal daşıyan zirehli maşınların Ukraynanın şərqində separatçı qüvvələrə ötürüldüyünü aşkar edib", o deyib.

"Rusiya hazırda Ukraynanın xeyrinə olan vəziyyəti dəyişmək üçün separatçı qüvvələri gücləndirmək və yenidən silahlandırmaqla məşğuldur", Nato generalı deyib.

Məlumata görə, Ukraynanın daxilində 1000-dən artıq rus əsgəri separatçıların xeyrinə Ukrayna ordusuna qarşı vuruşur.

Bundan bir qədər əvvəl rusiyapərəst separatçıların Novoazovsk və Mariupol üzərinə hücumu ilə bağlı Rusiya silahlı qüvvələrinin genişmiqyaslı müdaxiləsi barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bəyanat vermişdi.

Şəklin mənbəyi, BBC World Service

Özünü müstəqil elan etmiş Donetsk xalq respublikasının liderlərindən biri – Aleksandr Zaxarçenko etiraf edib ki, separatçıların tərəfində Rusiya hərbçiləri də döyüşürlər. Lakin o əlavə edib kİ, onlar Ukraynanın şərqindəki separatçılara kömək etmək üçün məzuniyyət götürüblər və könüllü sayılırlar.

Fransa prezidenti Francois Hollande Ukraynadkı hadisələri “İkinci Dünya Müharibəsindən bəri Avropanın ən pis böhranı” adlandırıb.

“Əgər Ukrayna ərazisində Rusiya qoşunlarının olduğu sübut olunsa, bu tamamilə qeyri-məqbul akt hesab olunacaq” – deyib Hollande.