Suriya: İD döyüşçüləri amerikalı müxbirin "başını kəsib"

James Foley

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, James Foley Orta Şərqdən bir çox reportajlar hazırlayıb

ABŞ, Birləşmiş Krallıq və Fransa amerikalı jurnalist James Foley-nin İslam Dövləti döyüşçüsü tərəfindən başının kəsilməsinin doğurduğu ikrah hissi barədə bəyanatlar yayıblar.

Cihadçı qrup 2012-ci ildən Suriyada itkin düşən Foley-nin öldürülməsini göstərən video yayıb. Döyüşçülər deyiblər ki, jurnalist ABŞ-ın İraqdakı İslam Dövləti qrupuna qarşı hava zərbələrinə qisas olaraq öldürülüb.

Fransa deyib ki, videonun həqiqi olması təsdiq olunsa, bu, barbarlqdır, Birləşmiş Krallıq isə hadisəni "əxlaqsızlıq" adlandırıb.

Foley-nin anası Diane Facebook sosial şəbəkəsində oğlu ilə fəxr etdiyini deyib: "O, Suriya xalqının əzabını dünyaya göstərməyə çalışarkən qurban gedib".

Gözlənilir ki, Prezident Barack Obama bu gün bəyanatla çıxış edəcək. Amma Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden deyib: "Əgər həqiqidirsə, günahsız bir amerikalı jurnalistin qətlə yetirilməsi dəhşətlidir".

40 yaşlı James Foley Orta Şərqdən bir çox reportajlar hazırlayıb. O, ABŞ-ın GlobalPost nəşrində və bir sıra digər media qurumunda, o cümlədən Fransanın AFP xəbər agentliyində çalışıb.

GlobalPost öz bəyanatında "Jim [James] və ailəsi üçün dualara" çağırış edib və bu videonun həqiqi olub-olmadığının təsdiqlənməsini gözlədiyini bildirib.

İngilis vurğusu

"Amerikaya mesaj" adlı videoda James Foley olduğu güman edilən bir kişi narıncı geyimdə səhraya oxşar bir yerdə dizi üstə durub, onun yanında isə qara geyimli, silahlı bir kişi dayanıb.

Foley ailəsinə son sözlərini deyir və onu gözləyən ölümünü ABŞ-ın İraqdakı İslam Dövləti hədəflərini bombalaması ilə əlaqələndirir.

Məcburiyyət altında olduğu aydın görünən videoda o deyir: "Mən dostlarımı, ailəmi və yaxınlarımı əsl qatillərim olan ABŞ hökumətinə üsyan etməyə çağırıram. Çünki məni gözləyən yalnız onların laqeydliyi və cinayətkarlığı nəticəsində baş verir".

Bundan sonra ingilis vurğusu ilə danışan maskalanmış döyüşçü ABŞ hökumətinə xəbərdarlıq edir: "Siz daha qiyamçılara qarşı mübarizə aparmırsız. Biz islam ordusuyuq və dünyada bir çox müsəlmanın qəbul etdiyi dövlətik.

"Beləliklə, Obama, müsəlmanlara İslam xəlifəliyi ilə təhlükəsiz həyat sürməyə imkan verməmək üçün hər hansı cəhdin, sənin öz xalqının qırılması ilə nəticələnəcək".

Bundan sonra döyüşçünün əsirin boynunu kəsməyə başladığını görmək olar və sonra videoda qaranlığa düşür.

Sonra onun cəsədi yerdə göstərilir.

James Foley

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, James Foley - 29 sentyabr 2011-dən foto

Twitter hesabları dondurur

Videonun sonunda amerikalı jurnalist Steven Sotloff kimi təqdim olunan daha bir dustaq göstərilir və deyilir ki, onun taleyi Prezident Barack Obamanın növbəti addımından asılıdır.

Cənab Sotloff bir il əvvəl Suriyada, Türkiyə sərhədinin yaxınlığında oğurlanıb.

Bu arada Twitter mikrobloq saytı sözügedən videonu paylaşan və ya retweet edən hesabları dondurmağa başlayıb.

"Biz bunu əks etdirən hesabları fəal şəkildə dondururduq və dondurmağa davam edirik", şəbəkənin direktoru Dick Costolo deyib.