David Cameron Britaniyanın İraq strategiyasını müdafiə edib

Britaniya təyyarəsi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Britaniya aviasiyası İraq üzərində kəşfiyyat uçuşlarına başlayıb.

Baş nazir David Cameron hökümətin İraqla bağlı siyasətinin "aydın" olduğunu və Britaniyanın bu ölkədə quru əməliyyatı keçirməyə hazırlaşmadığını bildirib.

Cənab Cameron deyib ki, Britaniya "müdhiş" İslam Dövlətini - İŞİD silahlı qrupunu məğlub etmək üçün "əlindəki bütün imkanlardan, o cümlədən hərbi qüdrətindən" istifadə edəcək.

Baş nazirin təbirincə, Britaniya kürdlərlə və İraq hökümətilə birgə işləyəcək və ABŞ-ı dəstəkləmək üçün imkanlarından istifadə edəcək.

Bu arada Kiprdə yerləşən Britaniya hava qüvvələri hissəsinə baş çəkən Müdafiə katibi Michael Fallon yaxın zamanlarda Britaniya hərbi aviasiyasının İraqda əməliyyatlarda iştirak edəcəyini və İD silahlılarının havadan izlənməsinə artıq başlandığını bildirib.

Müdafiə katibinin təbirincə, Britaniya hərbiyyəsinin İraqdakı hadisələrdə iştirakı "aylarla çəkə bilər".

Müxalif rəqib Leyboristlər partiyası İraqdakı münaqişəyə Britaniyanın yanaşmasının "aydın olmadığını" bildirib.

Kölgə kabinetinin Xarici İşlər katibi Douglas Alexander BBC-ə deyib ki, "Britaniya qüvvələrinin qatıldığı missiyanın təbiətini anlamağa ehtiyac var".

Britaniya qüvvələri

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Müdafiə katibi Michael Fallon Kiprdə yerləşən Britaniya hava qüvvələri hissəsinə baş çəkib.

Höküməti məsələyə "aydınlıq" gətirməyə çağıran Douglas Alexander eyni zamanda əlavə edib: "Biz Britaniya hökümətinin addımlarını dəstəkləyirik”.

Bundan əvvəl baş nazir David Cameron Britaniya hökümətinə kürd döyüşçülərindən silah sifarişi olarsa həmin təşəbbüsə “müsbət baxılacağını" bildirmişdi.

Bazar günü Kürd qüvvələri ABŞ aviasiyasının dəstəyilə strateji əhəmiyətə malik Mosul su bəndinə nəzarəti bərpa edə bilmişdilər.