İsrail Qəzza üzərinə hava zərbələrini bərpa edir

Qəzza

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bir həftədən çoxdur ki, İsrail Qəzzaya havadan hücum edir, Qəzza isə İsrailə raketlər atır

Qısa müddətli atəşkəs ərzində raket hücumlarının davam etdiyini bildirən İsrail Həməsin idarə etdiyi ərazilərə hava zərbələrini bərpa edib.

İsrailin Müdafiə Nazirliyi 6 saat sürən atəşkəs müddətində İsrail ərazisinə 50-dək raketin atıldığını bildirib.

Bundan əvəl İsrail Qəzza ilə münaqişədə Misirin barışıq təklifini qəbul edərək atəşkəs elan etmişdir.

Həmas atəşkəsə rəsmi münasibət bildirməmişdir. Lakin onun silahlı qanadı razılaşma təklifini rədd edib və bunun "təslim" demək olduğunu qeyd edib.

Şərtlərə görə atəşkəs dərhal qüvvəyə minməli və hər iki tərəfin yüksək rütbəli nümayəndə heyəti ilə Qahirədə danışıqlarla davam etdiriməli idi.

Fələstin rəsmiləri deyirlər ki, İsrail səkkiz gün əvvəl silahlıların raketlərinə qarşı havadan hücum əməliyyatını başlayandan sonra azı 192 adam öldürülüb.

09:00-da (Bakı vaxtı ilə 11:00) başlayan barışıqdan bəri İsraildən Qəzzaya havadan hücum olmayıb. Qəzzadan İsrailə isə azı bir raket atılıb.

Çərşənbə axşamı səhər saatlarında İsrailin təhlükəsizlik kabineti barışığı səsvermə ilə qəbul edib.