Mariupolda əməliyyat zamanı "20 adam ölüb"

Ukraynanın şərqindəki Mariupol şəhərində separatçılarla hökumət qüvvələri arasında gedən silahlı qarşıdurma vaxtı 20-dək adam öldürülüb, Ukraynanın daxili işlır naziri Arsen Avakov bildirib.

Onun sözlərinə görə üsaynçıların şəhər mərkəzindəki Polis İdarəsini ələ keçirmək cəhdi baş tutmayılb.

Sosial mediada yayılmış videolarda Mariupol mərkəzində Ukrayna ordusuna məxsus zirehli texnikanın yerləşdirildiyini görmək olar.

Yaralananlar arasında Rusiyanın “Russia Today” kanalının ştatdan kənar müxbirinin olduğu da xəbər verilib.

Donetsk şəhərində keçirilən rusiyapərəst nümayişin iştirakçıları “qardaşlarına” kömək üçün Mariupola silahlıların göndəriləcəyini bildiriblər.

Ukrayna hökuməti Donetsk vilayətində silahlı separatçılara qarşı “ainterror” əməliyyatının davam etdirildiyini vurğulayıb.

Son günlər ərzində hökumət qüvvələri Mariupol bələdiyyə binasından separatçıların çıxarılmasına çalışıblar.

Cümə axşamı Ukrayna hakimiyyəti bina üzərində nəzarəti ələ keçirməyə müvəffəq olduğunu bildirib. Lakin bunun ardınca binaya yenidən daxil olan separatçılar onun üzərində Rusiya bayrağını qaldırıblar.

Kiyevdə hökumət artıq bir neçə dəfə Mariupola nəzarət etdiyini bildirib. Lakin şahidlər şəhərdə çoxsaylı silahlı separatçıların olduğunu bildirirlər.

Şəhərin mərkəzi nəqliyyat hərəkəti və piyadalar üçün bağlanılıb.