Mariupolda naməlum şəxslər hərbi hissəyə hücum edib

mariupol

Mariupol şəhərində 3057 nömrəli hərbi hissə naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində, ilkin məlumatlara görə, “hücum edənlər arasında 3 nəfərin öldürüldüyü, 13-nün yaralandığı, 63 nəfərin saxlandığını” bildirib.

“Silahları alınıb. Rabitə vasitələri və telefonlar Rusiya operatorlarına məxsusdur. Tutulub saxlanılan həmləçilərin kimliyi müəyyən edilir”, Avakov yazır.

Nazirin sözlərinə görə, hərbi hissəyə hücumda 300-ə yaxın adam iştirak edib, “onlar hərbi hissəyə yandırıcı maddələr və Molotov kokteylləri atıb, postda dayananları atəşə tutublar”.

Arsen Avakov DİN xüsusi təyinatlı bölmələrinin silahlı qruplardan birinin izinə düşüb, küçələrdə milis patrulu işlədiyini bildirib.

“Mariupolskiye novosti”yə istinadən “Ukrainskaya pravda” 5 nəfərin yaralandığını, onlardan ikisinin ağır xəsarət aldığını yazır.

Yerli KİV-in məlumatına görə, bir qrup üzü maskalı şəxs hərbi hissənin yanına mikroavtobusla gəlib.

Hücum edənlər silah tələb ediblər. Etiraz cavabı alanda onlar darvazanı qırmağa cəhd edib, sonra isə yandırıcı maddə doldurulmuş butulkalar ataraq hərbi hissənin ərazisinə müdaxilə ediblər.

Yaralananlar arasında küçədən təsadüfi keçən adamlar da olduğu xəbər verilir.

mariupol

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Mariupol şəhər şurasının binası həftənin əvvəlində zəbt edilib

Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçukun öz Facebook səhifəsində yazdığına görə, Ukrayna hərbçiləri silahdan istifadə edərək iki hücum dəf edib.

“Bizdə olan məlumata görə, bu, Rusiya hərbçiləri deyil, əsaslı hərbi təlim keçmiş və fərqlənmə nişanları olmayan müvafiq forma geyinmiş yerli separatçıların silahlılarıdır”, Tımçuk yazıb.

Zirehli maşınların ələ keçirilməsi

Həftənin əvvəlində, Donetsk Respublikası ilə həmrəylik mitinqi əsnasında Mariupol Şəhər Şurasının binası ələ keçirilib.

Şəhər Şurası üzərində artıq bir neçə gündür Rusiya bayrağı dalğalanır. Giriş önündə mitinq iştirakçıları “Donetsk Xalq Respublikası” lövhəsini vurublar.

BBC müxbiri Olqa İvşina bildirib ki, binanın dörd tərəfi üzrə avtomobil şinlərindən barrikadalar qurulub.

Onun sözlərinə görə, Mariupol Şəhər Şurasını ələ keçirən adamlar Ukrayna ordusu və güc strukturlarının mümkün hücumunu dəf etməyə hazır olduqlarını bildirirlər.

Bir gün əvvəl Ukrayna Müdafiə Nazirliyi altı Ukrayna zirehli maşınının Kramatorsk şəhərində “rusiyapərəst ekstremistlər” tərəfindən ələ keçirildiyini rəsmən təsdiq edib.

“Ukrayna müstəqilliyinin məhv edilməsi”

Həmin gün Ukrayna mediası özlərini “Oplot” ictimai təşkilat təmsilçiləri kimi təqdim edən silahlılar tərəfindən Donetsk Şəhər Şurası binasının ələ keçirildiyini bildiriblər.

Onların sözlərinə görə, onlar Kiyev hökumətindən Donetskin statusu haqqında referendum keçirməyi tələb edirlər.

Çərşənbə günü Ukraynanın baş naziri Arseniy Yatsenyuk ölkənin şərqində inzibati binaları zəbt edən rusiyapərəst fəalları “Ukraynanın müstəqilliyini məhv etmək” cəhdində təqsirləndirib.

oplot

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Donetsk şəhər şurasını "Oplot" ictimai təşkilatının təmsilçiləri ələ keçirib

“Əllərinə silah alanlar ölkənin birliyini istəmir. Və onlar bölgələrə necə əlavə səlahiyyətlər təqdim etmək yaxud milli azlıqları necə müdafiə etmək haqqında söhbət etmir. Onların Rusiya Federasiyası tərəfindən himayə göstərilən tapşırığı Ukrayna müstəqilliyini məhv etməkdir”, çərşənbə günü hökumət iclasında Yatsenyuk deyib.

Bununla belə, Ukrayna baş naziri Kiyev hakimiyyətinin ümummilli dialoqa hazır olduğunu bəyan edib.