Kramatorskda rusiyapərəstlər Ukrayna hərbi maşınlarını "ələ keçirib"

Ölkənin şərqindəki vəziyyətə nəzarətin bərpası üzrə əməliyyatın başlanmasından bir gün keçmiş Ukrayna qoşunları Kramatorsk şəhərinə yeridilib.

Lakin Ukraynanın müdafiə naziri deyib ki, əməliyyat gedişatında 6 zirehli maşın rusiyapərəst silahlılar tərəfindən ələ keçirilib.

Digər məlumatlarda göstərilir ki, ukraynalı hərbçilər maşınları tərk edərək gediblər. Əsgərlərin rusiyapərəstlərin tərəfinə keçməsi də güman edilir.

Rusiyapərəst fəallar bir neçə inzibati binanı zəbt etdikdən sonra bölgədəki gərginlik daha da kəskinləşib.

BBC Azərbaycanca hadisələri canlı yayımlayıb. Hadisələrin inkişafı Bakı vaxtı ilə göstərilir.

19.36 - Devrilmiş prezident Viktor Yanukoviçin mənsub olduğu Regionlar Partiyası Donetsk vilayəti də daxil olmaqla şərqdəki bölgələrin ölkə tərkibindən çıxa biləcəyini nəzərdən keçirmir, partiyanın növbədənkənar qurultayında çıxış edən millət vəkili Nikolay Levçenko deyib.

"Donbasın Ukraynadan çıxmasına çağıranlara cavab vermək istəyirəm ki, bu 10-cu mərtəbədən özünü atmaq kimi bir şeydir... Bizi bir evdəki qaydalar qane etmirsə biz Ukrayna adlı həmin evdə qalıb, onun hər bir sübyektində hər bir vətəndaşı razı salan qaydaların yaradılmasına məcbur etməliyik"

Rusiya bayrağı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Yolla hərəkət zirehli texnikaının üzərində Rusiya bayrağı qaldırılıb.

Nikolay Levçenko deyib ki, Kiyev ölkənin şərqindəki tələbləri dinləməlidir.

19.18 - ATƏT-in baş katibi Avropa İttifaqını Ukraynadakı beynəlxalq müşahidəçilərin sayını artırmağa səsləyib. Brüsseldə Avropa İttifaqının nümayəndələrilə görüşən Lamberto Zannier hadisələrin inkişafının ciddi narahtlıq doğurduğunu deyib.

18.49 - ATƏT-in Ukraynadakı müşahidəçi missiyası Donetsk və Luqanskda “üzü maskalı adamlar tərəfindən bir neçə inzibati binanın ələ keçirilməsilə” bağlı narahtlığını bildirib. Çərşənbə günü dərc edilmiş mətbuat buraxılışında deyilir ki, ölkənin şərqində vəziyyət gərgin olaraq qalmaqdadır. Bu arada Dnepropetrovsk, Xerson və Odessada durum sakit kimi dəyərləndirilir.

18.21 - BBC müxbiri Slavyansk şəhərində rusiya fəallarına təslim olunmuş ukraynalı hərbçilərlə danışıb. "Onların əllərindən silahları alıblar, - Gabriel Gatehouse bildirir. Anladığım qədər sövdələşmə belədir - Dnepropetrovskdakı əsgərlər silahı təhvil verirlər və bunun müqabilində rusiyapərəst qüvvələr onları sərbəst buraxırlar”.

18.13 - Ukrayna prezidentliyinə namizəd Mixail Dobkin bildirib ki, cənub-şərqdəki bölgələrdə dinc əhaliyə qarşı güc işlədilsə o seçkilərdə iştirakını dayandıraraq səsverməni tanımayacaq. Şərqdəki Xarkov şəhərinin meri olmuş siyasətçi müvafiq xəbərdarlıqla mətbuat konfransında çıxış edib, UNİAN agentliyi xəbər verir.

17.42 - "İnformasiya müqaviməti" qrupunun koordinatoru hesab edir ki, antiterror əməliyyatını fəal mərhələyə keçirməyə cürət etməyən hökumət ölkənin şərqi üzərində nəzarəti itirməkdədir. Dmitri Tımçuk bildirib ki, hökumət ordunun aşağı döyüş hazırlığından irəli gələn ciddi problemlərlə üzləşir. "Belə çıxır ki, onlar güman edildiyi dərəcədə hazır deyillər", deyib o.

17.28 - Ukrayna parlamenti orduya çağırış barədə qanun layihəsini təsdiqləməyib. "Rusiya Federasiyasının təcavüzü ilə bağlı müdafiə qabiliyyətinin artırılması üzrə əlavə tədbirlər haqqında" başlıqlı sənədə 255 millət vəkilindən 208-i səs verib. Qanunun təsdiqlənməsi üçün 226 səs tələb olunur.

Əsgərlər
Şəklin alt yazısı, Hərbi ekspertlər Ukrayna ordusunun aşağı döyüş hazırlığını qeyd edirlər.

17.03 - Donetsk şəhərinin bələdiyyə binasını nəzarət altına alan rusiyapərəst "Oplot" təşkilatının nümayəndəsi yerli administrasiya binalarını "dinc yolla zəbt etməkdə" davam edəcəyini bildirib. "Bundan sonra Enakiyevo və sairə olacaq. Bu yolu tutacağıq", - Aleksandr Zaxarçenko "Ostrov" saytına bildirib.

16.47 - Ukraynada gərginliyin artması ilə bağlı NATO Avropanın şərqində hava nəzarətini gücləndirəcək, təşkilatın baş katibi bildirib. Anders Fogh Rasmussen böhranla bağlı tədbirlər çərçivəsində Baltik və Aralıq dənizlərinə hərbi gəmilərin göndərilcəyini də deyib. O, əməliyyatın bir neçə gün ərzində həyata keçiriləcəyini qeyd edib.

Bundan əvvəl NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Philip Breedlove deyib ki, Ukrayna üzərinə hücuma keçmək əmrini yerinə yetirmək üçün Rusiya ordusuna 12 saatdan az vaxt tələb olunur.

16.30 - Ukrayna Radasında "Batkivshina" fraksiyasının lideri vəzifəsini icra edən Sergey Sobolev ölkənin şərqində hərbi təcavüz təhlükəsilə bağlı bölgədəki hərbi texnikanın yerdəyişməsi barədə məlumatları təsdiqləyib.

16.08 - BBC müxbiri Olqa İvshina bildirir ki, Kramatorsk şəhəri yaxınlığındakı yolda bir qrup adam Ukrayna zirehli texnika karvanını saxlamağa cəhd edib. Lakin canlı dəhliz yaradan əsgərlər göyə fişəng ataraq texnikanın keçməsinə nail olublar.

16.16 - Donetsk vilayətində naməlumlar tərəfindən dəmir yolunun kəsilməsindən sonra Kramatorsk-Drujkovka istiqamətində qatarların hərəkət cədvəli dəyişdirilib. Bu məlumatı UNİAN agentliyi Donetsk Dəmir Yolları İdarəsinin mətbuat xidmətindən alınmış məlumata əsasən yayıb.

15.29 - Ukraynanın müdafiə naziri Mixail Koval, ölkənin şərqindəki rayonlara gedib. "Müdafiə naziri hadisə yerindədir və nəyin baş verdiyini bildirəcək", baş nazirin müavini Vitaliy Yarema jurnalistlərə deyib.

15.05 - Müdafiə Nazirliyi Luqansk vilayətində iki hərbçinin girovluğa götürüldüyünü təsdiqləyib. Nazirliyin mətbuat xidməti ötən gün yer alan hadisənin Krasnıy Luç şəhəri yaxınlığındakı avtomobil yolunda baş verdiyini bildirir.

Daha əvvəl daxil olan xəbərlərə əsasən, Donetsk vilayətindəki Kramatorsk aerodromu ətrafında atəş və bir neçə partlayış səsləri eşidilib.

“Ukrainskaya pravda”ya əsasən, “avtomatlarla silahlanmış naməlum şəxslər Kramatorskda aerodroma hücum cəhdi ediblər”, lakin Ukrayna qoşunları tərəfindən həmlə dəf edilib.

Donetsk

Ukrayna mətbuatına əsasən Donetsk şəhərinin bələdiyyə binası rusiyapərəst “Oplot” təşkilatının Xarkov bölməsinin fəalları tərəfindən ələ keçirilib.

Ukrayna xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Avtomat, tüfək və dəyənəklə silahlanmış 20 yaxın adam binanın bütün mərtəbələrinə nəzarət edir.

“Oplot” təşkilatının nümayəndəsi Aleksandr Zaxarçenko deyib ki, Donetsk vilayətinin ərazi statusu barədə referenduma nail olmaq niyyətindəddir.

Bələdiyyə işçiləri barədə ziddiyyətli məlumat daxil olur.

Öncədən onların iş yerlərində qaldığı bildirilmişdi.

Lakin bir qədər keçmiş peyda olmuş məlumatda işçilərin binadan çıxaraldığı xəbər verildi.

Yerli media binaya daxil olan şəxslərlə danışıqların aparıdlığını bildirir.

“Oplot” təşkilatı 2009-cu ildə yaradılıb.

Onun məqsədlərindən biri Stepan Banderanın Ukrayna Üsyançı Ordusunun “qəhramanlaşdırılmasına yol verməməkdir”.

"Antiterror əməliyyatı"

Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov ötən gün Ukraynanın şərqindəki Donetsk vilayətində “antiterror əməliyyatı” başlandığını elan edib.

Onun sözlərinə görə, əməliyyat çərşənbə axşamı gecəsi Donetsk vilayətinin şimalında başlayıb və mərhələ-mərhələ keçiriləcək.

Öz növbəsində RİA Novosti, rusiyapərəst separatçıların nümayəndəsinə istinadən, aerodroma Ukrayna ordusu hücum etdiyini və rusiyapərəst fəallar arasında xəsarət alanlar olduğunu bildirib.

ukrainian_troops

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hakimiyyət Donetsk vilayətində “antiterror əməliyyatı”nın başlandığını elan edib.

Daha sonra Ukrayna daxili işlər nazirinin müşaviri Stanislav Reçinski Kiyevdə brifinq zamanı hava limanının tələfatsız azad olunduğunu bəyan edib.

“Əməliyyat nəticəsində bizim adamlar arasında itkilərdən qacınmaq məqsədi qoyulub. Yaxşı olardı ki, separatçıların da həyatı qorunsun, çünki onların bir hissəsi də bizim vətəndaşlarımızdır”, o deyib.

O, həmçinin bir neçə separatçının tutulub saxlanıldığını bildirib, lakin onların sayını açıqlamayıb.

BBC müxbiri Gabriel Gatehouse xəbər verir ki, aerodromun girəcəyində Kiyevdən hərbçilərlə iki helikopter endiyi məlumatından qəzəblənmiş bir qrup adam toplaşıb.

Qanunçuluğu bərpa etmək

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, “antiterror əməliyyatı” Donetsk vilayətinin başqa bir – aprelin 12-də kamuflyaj geyimli silahlılar tərəfindən rayon milis şöbəsi zəbt edilmiş, administrasiya binalarını nəzarət altına alınmış – Slavyansk şəhərində də keçirilib.

ukraine_soldiers

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Ukrayna hökumətinin məlumatına görə, hava limanı tələfatsız azad edilib

Lakin orada olan müxbirlərin sözlərinə görə, şəhərdə hər hansı hərbi əməliyyat keçirildiyi müşahidə olunmayıb.

Bu arada Ağ Ev öz bəyanatında Ukraynanın şərqində “separatçıların provokasiyasına” qarşı duran Ukrayna hakimiyyətinə dəstəyini bildirib.

Ağ Evin mətbuat katibi Jey Carney Kiyevi təmkinli olmağa çağırıb və ölkənin bütün ərazisində qanunçuluq və nizam-intizam bərpa etmək məsuliyyəti Ukrayna hakimiyyəti üzərinə düşdüyünü bildirib.

“Rusiya Ukrayna hakimiyyəti ilə dialoqa girsəydi və rusiyapərəst separatçıları dəstəkləməyə son qoysaydı”, əziyyəti sahmana salmaq çətin olmazdı, Carney qeyd edib.

Onun sözlərinə görə, Amerika administrasiyası hələ ki Rusiya hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmək haqqında qərar qəbul etməyib. Vaşinqton yaranmış durumu təhlil edir, o deyib.