Ukrayna: Donetskdə anti-terror əməliyyatının başlandığı elan edilib

Şəklin mənbəyi, AP
Ukrayna prezidenti səlahiyyətlərini icra edən Oleksandr Turçinov rusiyapərəst separatçılara qarşı "anti-terror" əməliyyatının başlandığını elan edib.
Oleksandr Turçinov əməliyyatın "Donetsk bölgəsinin şimalında" aparıldığını bildirib.
Ukrayna parlamenti Ali Radada deputlar qarşısında çıxış edən cənab Turçinov "anti-terror" əməliyyatının "mərhələ-mərhələ, ardıcıl qaydada həyata keçirildiyini" vurğulayıb.
Ötən gün ölkənin şərqində Ukraynaya məxsus zirehli texnikanın cəmləşdiyi, separatçı yaraqlıların isə hücumları əks etdirməyə hazırlıq gördüyü müşahidə olunmuşdu.
Bu arada Ukraynadakı böhranlı vəziyyət ABŞ və Rusiya prezidentləri arasında baş tutmuş telefon danışığı zamanı müzakirə edilib.
Barack Obama Vladimir Putini imkanları və nüfuzundan istifadə edərək Donetsk və digər şərqi Ukrayna bölgələrində separatçıların geri çəkilməsinə nail olmağa çağırıb.

Şəklin mənbəyi, BBC World Service
Öz növbəsində Vladimir Putin Moskvanın münaqişəyə təsir göstərdiyi və ya qarışdığı barədə iddiaları təkzib edib.
İndiyədək Ukraynanın şərq regionlarında fəallıq göstərən rusiyapərədst qüvvələr bu bölgənin 10 şəhərində inzibati binaları ələ keçiriblər.
Məlumatlara görə, minlərlə əsgəri qüvvə toplamış Rusiya hərbi hissələri şərq cinahda Ukrayna ilə sərhədyanı zonalarda yerləşdirilib.
Bu səbəbdən Kiyevdəki rəsmilər rusiyapərəst separatçılara qarşı hər hansı bir geniş miqyaslı güc əməliyyatının keçiriləcəyi halda, Rusiya qoşunlarının şərq sərhəd xəttini keçərək Ukraynaya daxil olacağı perspektivindən ehtiyat edir.
Bu gün səhər Qorlivkada etirazçılar polis məntəqəsini zəbt edəndən sonra vəziyyət gərginləşib. Silahlı dəstələrin pəncərələri və avadanlıqları qırmasını göstərən videolar yayılıb.




