Ukrayna böhranı Azərbaycanla iqtisadi əlaqələrə təsir göstəribmi?

    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Yeyinti, metal məhsulları, vaqonların və hərbi texnikanın təmiri, neft məhsullarının alış-satışı və Ukrayna-Azərbaycan arasında digər ticarət əlaqələrini indiyə kimi xarakterizə edən sahələrdir.

Ukraynada hazırki iqtisadi zəifləmə və aprel ayından enerji qiymətlərinin artımı təxminən 20 ildən uzun bir müddətdə qurulan Azərbaycan-Ukrayna əlaqələrinə təsir göstərə bilibmi?

Azərbaycan-Ukrayna iqtisadi əlaqələrini təhlil edənlərin bu barədə fikirləri haçalanır, belə ki, bir tərəf iqtisadi münasibətləri qonşu ölkələrlə müqayisədə onsuz da aşağı olan ticarət dövriyyəsi baxımından izah edir, digər tərəfsə, əlaqələrin inkişaf potensialını "yüksək" qiymətləndirir.

Şirniyyat bahalaşıb

İqtisadi təhlilçi İlham Şaban Ukrayna ilə iqtisadi münasibətləri digər qonşu ölkələrlə eyni müstəvidə müqayisə etmir və deyir ki, Rusiya ilə müqayisədə 3 dəfə az olan ticarət dövriyyəsi təxminən 7 milyon civarındadır.

Buna baxmayaraq, Ukraynadan Azərbaycana yeyinti, metal məhsulları gətirilir, həmçinin vaqon və hərbi texnikanın təmiri kimi milyonlarla ölçülən layihələr icra edilirdi.

"Lakin apreldən Azərbaycana daxil olan şirniyyat məhsullarında bahalaşma müşahidə olunmağa başlayıb, bu, Ukraynada yanacağın və təbii qazın qiymətində artımla əlaqədardır", - deyən cənab Şaban yeyinti məhsullarının qiymətində daha çox artım olacağını proqnozlaşdırır.

Onun sözlərinə görə, may ayından enerji daşıyıcılarının qiyməti yenidən arta bilər, belə halda isə, Ukrayna malları Azərbaycan bazarlarında "rəqabətə davam gətirməyəcək".

Amma bu o demək deyil ki, Azərbaycan bazarında şirniyyat baxımından çatışmazlıq hiss ediləcək.

"Təbii ki, [Azərbaycan bazarı üçün] fərq olmayacaq, çünki məsələn, konfet Polşa, Ukrayna və Türkiyədən də idxal edilir".

İqtisadçı Zöhrab İsmayıl isə, Azərbaycan və Ukraynanın "geniş ticarət əlaqələrinə malik olduğunu" desə də, son illər Azərbaycanla ticarət əlaqələrinin "zəiflədiyini" də qeyd edir.

Ukrayna-Azərbaycan iqtisadi əlaqələrinin tarixcəsi

O, əlaqələrin inkişaf yolunu belə izah edir: 2005-ci ildən sonra artım başlayıb və 2011-ci ildə pik nöqtəyə, 1.5 milyard manata çatıb, yəni ixrac- 909 milyon dollar, idxal isə 558 milyon dollar təşkil edib. 2012-ci ildən sonra ticarət zəifləyib, hətta ixrac təxminən 10 dəfə azalaraq 86 milyon dollara enib.

Cənab İsmayıl hesab edir ki, bu, azalma daha çox neft məhsulları ilə bağlı ola bilər.

"Görünür, ilk artım cənab Yanukoviçdən öncəki dövrə təsadüf edib, narıncı hökümət Rusiyadan enerji asılılığını azaltmaq üçün yollar axtarıb və Azərbaycanı tapmışdı, lakin Yanukoviçin hakimiyyətə gəlməsilə əks proses gedib, Azərbaycanın enerji məhsullarına maraq kəskin azalıb".

Cənab İsmayıl bildirir ki, azalma tendensiyası həmçinin idxala da təsir göstərib, bu isə, ümumilikdə "ticarət əlaqələrinin zəifləməsi" deməkdir.

Onun sözlərinə görə, bu azalma hələ də davam edəcək, ta ki Ukraynada vəziyyət stabilləşənə qədər.

İqtisadi potensial

"Ticarət əlaqələri yenidən artacaq, çünki indiki hakimiyyətin Rusiya ilə daha kəskin problemləri var, nəinki narıncı hökümətin. Hökümət indi daha kəskin şəkildə enerji təhlükəsizliyi üçün başqa yollar axtaracaq".

Belə olarsa, cənab İsmayıl qeyd edir ki, Azərbaycan Gürcüstanda olduğu kimi, Ukraynanın da enerji təhlükəsizliyini təmin edə bilər.

Maşınqayırma və hərbi məhsullar sahəsində alış-verişə gəldikdə isə, təhlilçi, 2010 və 2011-ci illərdə 1 milyard dollara yaxınlaşan ixracat dövriyyəsini yada salıb.

"O deməkdir ki, potensial var, lakin məsələ Ukraynanın geopolitik və siyasi gedişatından asılı olacaq".

Lakin cənab İsmayıl bu məsələyə də nikbin baxır və qeyd edir ki, yaxın 1-2 ay ərzində Ukraynada vəziyyətin stabilləşdiyi halda iqtisadi əlaqələr də "öz məcrasına düşəcək".

Ukraynada 2013-cü ilin noyabrından bəri 2010-ci ildən hakimiyyətdə olan prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən <link type="page"><caption> iğtişaşlar</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140305_ukraine_map_explained.shtml" platform="highweb"/></link> baş verib. İğtişaşlara səbəb, cənab Yanukoviçin Aİ ilə yaxınlaşma sənədini imzalamaqdan imtina etməsi və Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışması olub.

Bu ilin mart ayının əvvəlində isə rusiyameylli Krım parlamenti Rusiya Federasiyasının <link type="page"><caption> tərkibinə daxil olması</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/03/140311_crimea_parliament.shtml" platform="highweb"/></link> haqqında qərar qəbul edib. Hazırda isə, Ukraynanın şərq rayonlarında rusiyameyllilər digər ərazilər üçün də müstəqillik tələb edir.