Rusiya Ukrayna sərhədində hərbi təlimlər keçirir

Şəklin mənbəyi, Reuters
Rəsmi Kiyevin rusiyapərəst separatçılara qarşı əməliyyatına cavab olaraq Rusiya Ukrayna sərhədində yeni hərbi təlimlər barədə göstəriş verib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Ukrayna qoşunları separatçıların idarə etdiyi Slovyanska girəndən sonra Moskva "reaksiya verməyə məcbur olub".
Bundan əvvəl Prezident Vladimir Putin Ukraynaya "nəticələr" barədə xəbərdarlıq etmişdi.
Rusiyapərəst separatçılar hökümətin tələblərinə məhəl qomayaraq ölkənin şərqində onlarla dövlət binasını işğal edib.
Cümə axşamı Ukrayna xüsusi təyinatlıları ordu texnikasının dəstəyilə şəhərin kənarında blok-postların təmizlənməsi əməliyyatı keçirən zaman azı iki separatçının öldürüldüyü barədə məlumatlar yayılıb.
Lakin BBC müxbirləri Slovyanskın mərkəzində vəziyyətin sakit olduğu deyirlər.

Şəklin mənbəyi, Reuters
Bundan əvvəl Mariupol şəhərində qarşıdurmanın baş verdiyi barədə məlumat yayılmışdı.
Ukrayna daxili işlər naziri Arsen Avakov Facebook vasitəsilə hökümət qoşunlarının rusiyapərəst qüvvələri şəhər meriyasından çıxarıb qovduğunu bildirmişdi.
Lakin şəhərə baş çəkmiş BBC müxbirləri Mariupolda Ukrayna qoşunlarının olmadığını xəbər veriblər.

Şəklin mənbəyi, AP
Bu arada Slovyansk xəbərilə bağlı prezident Vladimir Putin Rusiya televiziyasına bildirib ki, "əgər Kiyev rejimi öz xalqına qarşı ordudan istifadə etməyə başlayıbsa, bu, şübhəsiz, çox ciddi cinayət sayılacaq."
“Əlbəttə ki bunun həmin qərarı qəbul edənlər üçün və ikitərəfli dövlətlərarası münasibətlər üçün ciddi təsiri olacaq”, Rusiya prezidenti vurğulayıb.
Avakov: Mariupol təmizlənib
Ukrayna DİN qoşunları Mariupol şəhər meriyası binasını aprelin 13-dən zəbt etmiş yaraqlılardan azad ediblər.
Bu xəbəri Ukrayna DİN rəhbəri Arsen Avakov Facebook səhifəsində paylaşıb.
"Şəhər icra hakimiyyəti nəzarət altına götürülüb. Mer artıq binaya daxil olub", Avakov Facebook səhifəsində yazıb.
Nazir xəbər verib ki binanın azad edilməsi itki verilmədən həyata keçirlib.

Şəklin mənbəyi, AFP
"Şəhərdə vəziyyətin normallaşdırılması prossesi davam etdiriləcək", Avakov facebookda qeyd edib.
Mariupoldan verilən xəbərlərə görə, meriya binası azad edilən zaman bir neçə nəfər yaralanıb.
Bundan əvvəl Ukrayna DİN-i Donetsk vilayətinin şimalında yerləşən Svyatoqorsk şəhərinin də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində "qanunsuz silahlı qruplaşmadan" azad olunduğunu xəbər vermişdi.
Pasxa bayramı ilə əlaqədar yaranmış fasilədən sonra Ukraynanın güc strukturları ölkənin şərqində "antiterror əməliyyatını" davam etdiriblər.
Bu arada Ukrayna Müdafiə Nazirliyi ötən gecə Artemevsk şəhəri yaxınlığında hərbi hissənin silahlı basqına məruz qaldığını xəbər verib.
Ukrayna hərbiçiləri cavab atəşi açaraq hücum edənləri geri çəkilməyə məcbur ediblər.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, hücum edənlərin sayı 100-dən artıq olub, onlar avtomat silahlardan, qumbaraatanlardan və əl qumbaralarından istifadə ediblər.
Bu ərəfədə ABŞ prezidenti Barak Obama yenidən bəyan edib ki, Ukraynaya dair ötən həftə əldə olunmuş Cenevrə razılığının şərtlərinə Moskva əməl etməsə Rusiyaya qarşı yaxın zamanlarda yeni sanksiyalar tətbiq oluna bilər.




