Polşaya gələn ABŞ hərbçiləri təlimlərə hazırlaşırlar

Şəklin mənbəyi, Reuters
Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya arasında münasibətlərin kəskinləşməsinə təsadüf edən NATO təlimləri Polşa, Litva, Latviya və Estoniyada keçməlidir.
150 əsgərdən ibarət ilk qrupa yaxın günlər ərzində 450 adam qatılacaq.
ABŞ prezidenti bildirib ki, Moskva Ukraynadakı vəziyyətin sabitləşməsinə yönələn öhdəliklərini yerinə yetirməsə yeni sanksiyalarla üzləşə bilər.
Kiyev və Qərb ölkələri hesab edirlər ki, Donetsk vilayətində inzibati binaları ələ keçirən rusiyapərəst qüvvələr arxasında Rusiya hərbçiləri durur.
Moskva ittihamı rədd edir.
Çərşənbə günü Rusiyanın xarici işlər naziri Amerikanı Ukrayna olaylarını idarə etməkdə suçlayıb.
Sergey Lavrov deyib ki, Ukrayna şərqindəki antiterror əməliyyatının məhz ABŞ vitse-prezidentinin Kiyevə səfərindən sonra bərpa olunması “çox şeydən” xəbər verir.
Son zamanlar Polşa, Litva, Latviya və Estoniya Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının yerləşdirilməsilə bağlı narahatlıqlarını bildiriblər.
Amerikanın Polşadakı səfiri Stephen Mull deyib ki, ölkəsi NATO çərçivəsində Polşaya təhlükəsizlik zəmanəti vermək öhdəliyinə malikdir.




