ABŞ: Rusiyanı yeni sanksiyalar gözləyə bilər

Şəklin mənbəyi, AP
ABŞ Dövlət Katibi John Kerry bəyan edib ki, Kreml Ukraynanın şərqində gərginliyi artırmağı dayandırmasa Vaşinqton Moskvaya əlavə sanksiyalar tətbiq edəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı John Kerry Rusiya hakimiyyətinin pozitiv addımlarının olmaması ilə bağlı narahatlığını ifadə edib.
Lavrovla telefon danışığı zamanı Kerry Rusiyanı hərbi ritorikanı yumşaltmağı, Ukraynanın şərqində diplomatik cəhdləri gücləndirməyi və dövlət binalarını ələ keçirmiş etirazçıların açıq şəkildə tərkisilah edilməsinə çağırış edib.
Daha öncə Kiyevdə səfərdə olan ABŞ vitse-prezidenti Joe Biden yenidən Rusiya hakimiyyətini qonşu dövlətin daxili işlərinə qarışmağın ağlasığmazlığı barədə xəbərdarlıq edib və münaqişənin həlli üçün qərarlı hərəkət etməyə çağırıb.
"Bu gün Ukraynanı hissələrə bölmək istəyənlər var. Ukrayna öz mövcudluğu uğrunda mübarizə aparır. Biz, Birləşmiş Ştatlar sizinlə və bütün Ukrayna xalqı ilə birgə tam Ukrayna üçün çıxış edirik", Joe Biden bəyan edib.
O, Birləşmiş Ştatların heç zaman özünün "qanunsuz işğal" adlandırdığı Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcəyini vurğulayıb.
"Biz Rusiya nümayəndələrindən çox şey eşitmişik. Danışıqları dayandırmağın və hərəkətə başlamağın zamanı çatıb", ABŞ vitse-prezidenti "Rusiyanın gələcək təxribatlarının daha sərt cavab tədbirlərinə və onun gələcək təcridinə gətirəcəyini" əlavə edərək deyib.
"Biz bunu sonsuz prosesə çevirməyə icazə verməyəcəyik. İnkişafın əldə olunması üçün çox az zaman qalıb".
Bazar ertəsi silahlı şəxslər və rusmeylli fəallar Kramatorsk və Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin binasını ələ keçirib.
Kiyevin yeni əməliyyatı
Ukrayna prezidentinin vəzifələrini icra edən Oleksandr Turçinov daha öncə regionda işgəncə işləri ilə iki meyidin tapıldığına istinad edərək ölkənin şərqində "antiterror əməliyyatların" bərpa olunmasına göstəriş verib.
Turçinovun sözlərinə görə, oğurlanan kişilərdən biri Qorlov şəhər birliyinin "Batkivşina" partiyasının üzvü və deputat Vladimir Rıbakın oxşadığını deyib.
"Faktiki olaraq bütün Donetsk regionunu girov götürən terroristlər Ukraynanın vətənpərvərlərini öldürmək və işgəncə verməklə hədlərini aşıblar", o deyib.
"Onlar Cenevrədə qəbul olunan qərarlara heçə sayaraq həyasızcasına təkcə bizim dövlətə deyil, bütün dünya birliyini qıcıqlandırıblar", Turçinov qeyd edib.
Slavyanskda bloklanmış məntəqə
"Cinayətlər Rusiya Federasiyasının tam dəstəyi və görməməzliyi şəraitində törədilir", Turçinov qeyd edib.
Məlum olub ki, Slavyanskda rusmeylli fəallar Ukrayna böhranını yayımlayan Vice Newsun müxbiri Simon Ostrovskyni saxlayıb.
Slavyansk şəhərinin "xalq meri" adlandırılan Viçislav Ponamaryov jurnalistin rusiyameylli özünümüdafiə qüvvələri tərəfindən saxlandığını təsdiq edib.
"Onu heç kim oğurlamayıb, heç kim onu girov saxlamır, o hazırda bizdədir, Ukrayna Təhlükəsizlik Şurasında material hazırlayır, işləyir", o, mətbuat konfransında deyib.
Vice News kanalı jurnalistlə bağlı vəziyyəti izləyir, kanalın nümayəndələri bəyan edib ki, ABŞ Dövlət Departamenti ilə Simon Ostrovskynin təhlükəsizlik və müdafiəsini təmin etmək üçün əlaqə yaradılıb.




