Rusiya: Kiyev Ukrayna üzrə "Cenevrə sazişini pozur"

Şəklin mənbəyi, AFP
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev hökümətini ötən həftə əldə olunan Ukrayna böhranı üzrə Cenevrə sazişini pozmaqda ittiham edib.
O deyib ki, Moskvanın tanımadığı Kiyev höküməti qanunsuz qrupları, xüsusilə ultra-millətçi Sağ Sektoru ("Pravıy Sektor") silahsızlaşdırmağa cəhd etməyib.
"İfratçılar (məsələni) idarə edir", o iddia edib və şərqi Ukraynadakı Slovyansk şəhərində baş verən ölümcül güllələmə hadisəsini və Kiyevdə davam edən Maydan etirazlarını pisləyib.
Daha əvvəl Ukrayna deyib ki, ölkənin şərqində baş verən, Rusiya ilə əlaqələri daha da gərginləşdirən insident barədə rəsmi araşdırma aparılacaq.
Slovyansk şəhərinin yaxınlığında, Rusiyapərəst separatçıların idarə etdiyi keçid məntəqəsində keçirilən reyddə ən azı üç adam həlak olub.
Rusiya güllələmə barədə "qəzəbini" bildirib və Ukraynanın millətçi Sağ Sektor ("Pravıy Sektor") fəallarını suçlayıb.
Eyni zamanda rusiyapərəst fəallar hökümət binalarını işğal etməyə və onları tərk etmək tələbinə məhəl qoymamağa davam edib.
Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib ki, Ukraynanın cənub-şərqindəki "qanunsuzluqdan xilas etmək üçün" Rusiyaya çağırışlar edilir və Rusiya bu çağırışlara görə "çox çətin vəziyyətdədir".
Ukraynanın milli təhlükəsizlik şurası katibinin müavini Viktoriya Siumar isə BBC-ə deyib ki, hadisəni kim törətdiyini müəyyənləşdirməyə "hələ tezdir".
O deyib ki, insidentin kriminal qruplar tərəfindən törədilməsi mümkündür, çünki "son zamanlar şərqi Ukraynada cinayətkarlığın səviyyəsi çox artıb". Kiyev Rusiyanın artıq öz nəticələrinə gəldiyindən "narahatdır", xanım Siumar əlavə edib.

Şəklin mənbəyi, AFP
Rusiya televiziyası hücumdan dərhal sonra tutulduğu iddia olunan bir kişi ilə müsahibə yayımlayıb. Kişi Sağ Sektor üzvü olduğunu deyib.
Amma qrupun sözçüsü həmin kişinin Sağ Sektor üzvü olduğunu inkar edib.
"Sağ Sektor orda deyildi və orada nə baş verdisə Rusiya kəşfiyyatçılarının provokasiyası idi", Artyom Skoropadski deyib.
Sağ Sektor hadisə yerində yanmış maşının içində qrupun lideri Dmitro Yaroşa məxsus olduğu deyilən vizitkanın aşkar olunmasını lağa salıb.
"Sən demə Pravıy Sektor döyüşçüləri Yaroşun vizitkalarını gəzdirirlər", cənab Skoropandski deyib.
Rusiya XİN-i Kiyev hökümətini rusdilliləri qorumamaqda ittiham edir.
"Slovyanskda, Mariupolda, cənub-şərqdəki digər hissələrdə hücumlar, tamamilə amansızcasına rəftar edən maskalı döyüşçülərin hücumları davam edir. Və yəqin görürsünüz bu qanunsuzluqdan xilas etmək üçün Rusiyaya ünvanlanan çağırışlar necə çoxalır. Biz çox çətin vəziyyətdəyik", RİA Novosti agentliyi Sergey Lavrovdan sitat gətirir.
Hadisə
Rusiya dövlət telekanallarının məlumatına görə, bazar gününə keçən gecə baş verən atışma zamanı üç rusiyapərəst etirazçı və iki naməlum şəxs öldürülüb.
Yaralanmış daha bir sakinin xəstəxanaya çatdırıldığı qeyd olunur.
"Rossiya 24" telekanalı naməlum şəxslərin blok-posta bir neçə avtomobildə yaxınlaşaraq birinci atəş açdıqlarını xəbər verib.
Hadisə ilə bağlı bəyanat verən Rusiya XİN-i Slovyanskda baş vermiş qanlı atışmaya görə Ukrayna millətçilərinin məsuliyyət daşıdığını vurğulayıb.
Ukrayna rəsmiləri isə toqquşmanın "iki qrup sakinlər arasında" baş verdiyini və nəticədə 1 nəfərin öldüyünü bildirib.

Şəklin mənbəyi, AFP
İnsident Slovyansk şəhərində rusiyapərəst qüvvələrin tutduqları hökümət binalarını tərk etməkdən imtina etməsi fonunda baş verib.
ATƏT-in Kiyevdə xüsusi missiyasının rəhbəri Ertoğrul Apakan münaqişəni aradan qaldırmaq məqsədilə Cenevrədə əldə olunmuş sövdələşmə şərtlərinə əməl edlməsinə nail olmaq üçün müavininin Donetsk şəhərinə yollanacağını deyib.
Ötən həftə Cenevrədə Rusiya, Ukrayna, Aİ və ABŞ Ukraynada qanunsuz hərbi qruplaşmaların buraxılması və zəbt olunmuş hökümət binalarının boşaldılması barədə razılıq əldə ediblər.
Lakin rusiyapərəst separatçıların Donetskdəki təmsilçisi Kiyev hökümətinin "qeyri-qanuni" olduğunu bəyan edərək həmin qüvvələrin təslim olmayacağını bildirib.
Rusiya XİN-i Slovyanskdakı blok-posta hücumun arxasında Ukraynanın radikal sağçı "Sağ sektor" qrupunun durduğunu qeyd edib.
Moskva bu insidentin "Kiyevdəki rəsmilərin bir hissəsinin millətçiləri və ekstermisləri idarə və tərksilah etmək istəmədiklərini" sübut etdiyini bəyan edib.
Ukraynanın "Sağ sektor" qrupu isə Facebook-da dərc etdiyi cavab bəyanatında Slovyanskdakı hadisələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
"Sağ sektor" baş vermiş təxribatın Rusiya xüsusi xidmət orqanlarının dəstxəttinə daha çox bənzədiyini qeyd edib.




