AŞPA Krımın Rusiyaya birləşdirilməsini "qınayıb"

Şəklin mənbəyi, Reuters

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Krımı özünə birləşdirən Rusiyanın hərəkətlərini qınayan qətnamə qəbul edib.

Sənəddə deyilir ki, AŞPA “Rusiya hərbi müdaxiləsini və sonrakı beynəlxalq hüquq normalarının, həmçinin Birləşmiş Millətlər Təşkilatının nizamnamə vəziyyəti, ATƏT-in Helsinki aktı və AŞ-nın əsas prinsiplərinin açıq-aşkar pozulması olan Krımın birləşdirilməsini qətiyyətli şəkildə qınayır”.

Qətnamənin qəbulu zamanı AŞPA-nın 154 nümayəndəsi leyihə, əsasən Rusiya, Serbiya və Ermənistan nümayəndələri olan 26-sı əleyhinə, 14-ü səs verməyib.

Sənəddə deyilir ki, “Rusiyanın öz hərəkətlərinə bəraət qazandıracaq arqumentlərdən heç biri doğru faktlar və sübutlara əsaslanmır”.

“Krımda 16 mart 2014-cü ildə referendum adlandırılan seçkinin təşkil olunması nə Krım, nə də Ukrayna konstitusiyasına uyğun deyil. Bundan başqa referenduma gələnlər haqda verilən məlumat inandırıcı deyil”, AŞPA-nın qətnaməsində deyilir.

AŞPA hesab edir ki, Ukraynada hakimiyyətin dəyişməsi ölkə üçün “imkanlar pəncərəsi” açır.

AŞPA vurğulayır ki, Krımın Rusiyaya birləşməyə can atmasına “Rusiya hakimiyyəti tərəfindən təhrik və təşəbbüs olunub”. Bu planların reallaşdırılma vasitəsi kimi hərbi aqressiya istifadə olunub.

AŞPA, həmçinin öz qətnaməsində Kiyevin yeni hakimiyyəti və Ukraynanın Ali Radasının tam legitimliyini, həm də “onların qərarlarının qanuniliyini” təsdiq edib.

Assambleya nümayəndələri "ölkədə vəziyyətin gərginləşməsinə yeni hakimiyyətin qanuniliyinin şübhə altına alınması cəhdləri ilə bağlı təəssüfünü ifadə edib.

AŞPA həmçinin “Ukrayna dövlətinə qarşı Rusiya hərbi aqresiyasının artırılması halında, Budapeşt memorondumunu imzalayan, həmçinin Avropanın digər maraqlı ölkələrini Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin təmin olunması üçün real razılaşmaların bağlanması imkanını müzakirə etməyi” məsləhət görüb.

Onlar Ali Radanı icra hakimiyyəti və qanunverici hakimiyyət arasında balansın yaradılması üçün konstitusiyaya dəyişikliklərin edilməsinə, Ukraynanın əsas qanununun AŞ standartlarına uyğunlaşdırmağa çağırıblar.

Rusiya AŞPA-nı tərk edir?

Cümə axşamı AŞPA Rusiya nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələyə baxacaq. Rusiya Assambleyanın sessiyalarında səs vermək hüququndan məhrum edilə bilər.

Buna cavab olaraq Rusiya nümayəndə heyətinin təmsilçiləri bəyan edib ki, Moskva təşkilatdan çıxmaq məsələsini nəzərdən keçirir.

Bunu Ukrayna haqda səsvermədən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov deyib. Onun fikrinə görə, Ukraynadakı vəziyyətin müzakirəsi zamanı AŞPA “tamam pis yolla gedir”.

“Həmkarlarımız əməkdaşlıq və dialoqa, kritik dialoq olsa belə, kökləniblərsə, Avropa Şurası Parlament Assambleyası çərçivəsində dialoq aparmaq və əməkdaşlıq etməyə hazırıq”, çərşənbə günü Ukraynadakı vəziyyət haqda AŞPA-dakı səsvermədən sonra Puşkov jurnalistlərə deyib.

“Biz çıxarılmağımızı istəyən təşkilatdan yapışmayacağıq”, İnterfaks Aleksey Puşkovdan sitat gətirir.

AŞPA komitəsi cümə axşamı Rusiyanı səs vermək hüququndan məhrum etmək barədə məsələni müzakirəyə qoymağa qərar verib, lakin Rusiya nümayəndə heyətinin səlahiyyətinin dayandırılması haqda təklifini rədd edib.