Aİ Krımın Rusiyaya birləşdirilməsinə cavabını "müzakirə edəcək"

Şəklin mənbəyi, AFP
Böyük Yeddilər qrupu Krımın Rusiyaya birləşdirilməsini gələn həftə Haaqada müzakirə edəcək.
Bu görüşdən əvvəl qüdrətli dövlətlər Rusiyanın da üzv olduğu Böyük Səkkizlərin Soçidə keçiriləcək sammitinə hazırlığın dayandırıldığını bildirib.
ABŞ, Almaniya, Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət siyasi və iqtisadi klub Krımın Rusiyaya birləşdirilməsi təqdirdə qrup və fərdi şəkildə addımlarla hədələyib.
Fransa lideri François Hollande Krım və Sevastopol şəhərinin Rusiya tərkibinə daxil olması barədə Moskvanın addımını tənqid edib və deyib ki, ölkəsi nə Krımı, nə də Sevastopolu tanımır.
Britaniyanın xarici işlər naziri Rusiyaya qarşı daha sərt addımlara səsləyib.
William Hague Rusiya ilə hərbi əməkdaşlığın dayandırıldığını deyib.
Bu səpkidə Rusiya, Fransa, Britaniya və ABŞ hərbçilərinin müştərək dəniz təlimlərinin keçirilməyəcəyi elan olunub.
Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı növbəti addımlarını martın 20-ə təyin olunmuş sammitində müəyyən etməlidir.




