Brüssel Kiyevə 500 milyon avro yardım təklif edir

Şəklin mənbəyi, UNIAN

Krıma görə siyasi qeyri-müəyyənlik fonunda Ukrayna valyutası qrivnanın kursu düşməyə davam edir.

Avropa Komissiyası Ukraynaya 500 milyon avroya yaxın məbləği ticari stimul formasında iqtisadi yardım kimi təklif edib.

Avrokomissiyanın prezidenti José Manuel Barroso bildirib ki, söhbət bəzi Ukrayna mallarına idxal gömrüyünün əhəmiyyətli dərəcədə azaldılmasından gedir.

Bu tədbirlər fevralın sonunda Kiyevi tərk edib Rusiyaya gedən və hakimiyyətdən uzaqlaşdırılan Viktor Yanukoviçin ötən ilin noyabr ayında imtina etdiyi Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişi bağlamaq səyləri çərçivəsində görülür.

“Avropa Komissiyası Ukraynanı ölkədə maliyyə və iqtisadi sabitliyi saxlamaq məqsədilə dəstəkləməyə hazırdır”, Barroso bəyan edib.

Bu təklif Aİ tərəfindən Ukraynaya konkret yardım tədbiridir, hərçənd ki, bu təşəbbüs indi Avropa İttifaqı və Avropa parlamenti üzv ölkələrin liderləri tərəfindən razılaşdırılmalıdır.

“Mən bu tədbirlərin, yeni sistem bir neçə həftə sonra başladılandan sonra Ukrayna vətəndaşları və iqtisadi vəziyyətinə müsbət təsirini gözləyirəm”, Aİ-nin ticarət üzrə komissarı Karel De Gucht bəyan edib.

Aİ, həmçinin yaxın günlərdə assosiasiya razılaşmasının siyasi vəziyyətini Kiyevin yeni hakimiyyəti ilə imzalamağı güman edir. Razılaşmanın imzalanması ən gec bu ilə gözlənilir.

Brüssel, bundan öncə Ukraynanın yeni hakimiyyətinə yaxın iki il ərzində 11 milyard avro (15 milyard avro) təcili maliyyə yardımı paketi təklif edib.

Ukraynanın Maliyyə Nazirliyi iflasdan qaçmaq üçün ölkəyə 35 milyad dolların lazım olduğunu hesab edir.