Suriya işgəncə və 11,000 edamda təqsirləndirilir

Evlər

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Suriya hökuməti insan haqlarının pozulması barədə ittihamları rədd edib.

Sabiq prokurorlar Suriyada üsyanlar başlayandan ölkənin məhbəslərində müntəzəm edam və işgəncə hallarının həyata keçirilməsini isbatlayan dəlillərin əldə olunduğunu bildiriblər.

Hərbi cinayətləri araşdıran 3 sabiq prokurorun hesabatında 11,000 məhbusun işinə dair minlərlə şəkillər təhqiq olunub.

Məlumatların ölkədən gizli şəkildə çıxarıldığı xəbər verilir.

İşdə hökumətin əli olduğunu təsdiqləyən dəlillər mövcuddur, hesabat müəlliflərindən biri deyib.

Suriya hökuməti hesabatı şərh etməyib. Dəməşq münaqişənin davam etdiyi 34 ay ərzində insan haqlarının pozulması barədə ittihamları rədd edir.

Hesabat İsveçrədə keçiriləcək Suriya üzrə sülh danışıqlarının başlanmasından bir gün əvvəl açıqlanıb.

Britaniyanın Guardian qəzeti və Amerikanın CNN teleşirkəti tərəfindən dərc olunmuş məlumatlar Suriya üsyançılarını dəstəkləyən Qətər hökumətinin sifarişi ilə hazırlanıb.

Rəqəmsal dəlillər

Bildirilir ki, hesabatın əsaslandığı 11 min məhbusa aid 55 minədək rəqəmsal dəlil başqa məlumatlarla yanaşı ölkə kənarına hərbi polis fotoqrafçısı tərəfindən çıxarılıb.

Sənədlərdə adı Sezar kimi təqdim olunan həmin şəxs müstəntiqlərə bildirib ki, onun işi edamın həyata keçirilməsini sənədləşdirmək üçün meyitlərin şəkillərini çəkməkdən ibarət olub.

"Gün ərzində 50-dək meyit olardı. Hər bir meyitin şəkilini çəkmək üçün 15-30 dəqiqə vaxt tələb olunurdu”, Sezar hesabat müəlliflərinə bildirib.

O, işgəncə və edam hallarını şəxsən görmədiyini deyib.

2011-ci ildən ötən ilin avqust ayınadək zaman kəsiyini əhata edən fotoşəkillərdə bir qadından başqa təsvir edilənlərin hamısı kişilərdir.

Araşdırmaçılara əsasən şəkillərin əksəriyyəti cılız dərəcədə arıqlamış, üzərində işgəncə əlamətləri olan cəsədləri əks etdirir.

Hesabatın müəlliflərindən biri professor Ser Geoffrey Nice BBC-nin Newsday programına deyib ki, qətllərin miqyası və müntəzəm xarakteri işdə hökumətin əli olduğunu təsdiqləyən dəlil təşkil edir.

Sülh danışıqları

Məlumatlar Suriya hökuməti və mühacirətdə əsas müxalifət birliyi olan Milli Koalisiya arasında İsveçrədə çərşənbə günü keçiriləcək danışıqlardan əvvəl ortaya çıxarılıb.

Bazar ertəsi BMT-nin baş katibi konfransın əsas mövzusu olan keçid hökumətinin yaradılması planına Tehranın etirazından sonra İranın dəvətini ləğv edib.

Bəşər Əsəd hökumətini dəstəkləyən İranın konfransa dəvət olunması ABŞ tərəfindən etirazla qarşılanıb.

Milli Koalisiya isə Tehranın tədbirdə təmsil oldunduğu təqdirdə konfransa qatılmayacağını elan edib.

Rusiya İranın iştirak etməməsini “səhv” adlandırıb.

İsveçrədə keçiriləcək konfrans aylarla aparılan diplomatik danışıqların yekunudur.

Ötən ilin may ayında münaqişə tərəflərini bir araya gətirmək barədə ABŞ və Rusiya arasında razılıq əldə olunub.