Suriya rəsmisi: "Qərb kəşfiyyat agentlikləri Dəməşqdə olub"

Suriyada müxalifət döyüşçüləri

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Prezident Əsədə qarşı vuruşanların sayında cihadçı qrupların çoxalmasına görə beynəlxalq arenada narahatlıq yaşanır

Suriyada radikal islamçı qruplara qarşı mübarizə aparmaq haqqında danışıqlar üçün Qərb kəşfiyyat agentlikləri Dəməşqə səfər ediblər, ölkənin xarici işlər nazirinin müavini BBC-ə deyib.

Faisal Mekdad bildirib ki, Qərbin təhlükəsizlik rəsmilərilə Prezident Bəşər əl-Əsədin istefa verməsini istəyən siyasətçilər arasında ikitirəlik var.

Prezident Əsədə qarşı vuruşanların sayında cihadçı qrupların çoxalmasına görə beynəlxalq arenada narahatlıq yaşanır.

Gələn həftə Cenevrədə keçiriləcək sülh danışıqlarında Suriya hakimiyyəti rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Amma əsas müxalifət qrupu olan Suriya Milli Koalisiyası bu danışıqlarda iştirakı barədə qərar verməyib.

Müxbirlər deyirlər ki, müxalifətin qeyri mütəşəkilliyi Qərbi məyus edir, Suriya hakimiyyətinin inamını isə artırır.

Bu yaxınlarda verdiyi müsahibədə cənab Mekdad BBC-ə deyib ki, bir çox Qərb hakimiyyəti Prezident Əsədin hakimiyyətinə alternativin olmadığını nəhayət anlayıb.

Qərb, o cümlədən Britaniya kəşfiyyat agentliklərinin bu yaxınlarda Dəməşqə gəlib gəlməməsi barədə sualı cavablayan XİN rəsmisi deyib: "Tam dəqiqləşdirməyəcəm amma bəli, çoxu Dəməşqə səfər edib".

Britaniyanın Xarici İşlər Nazirliyi BBC-ə deyib ki, kəşfiyyat məsələlərini şərh etmir.

BBC-nin baş beynəlxalq müxbiri Lyse Doucet məlumat verir ki, Avropadan Suriyaya gedən islamçı döyüşçülərin sayı çoxalır deyə ortaq narahatlıqlar var, amma Qərb Suriyadakı vətəndaş müharibəsində rejimi məsul sayır və bu rejimlə nə qədər əməkdaşlıq edəcəyi aydın deyil.