Sergey Lavrov: "Suriyada hakimiyyətin dəyişidirlməsindən söhbət getmir"

Şəklin mənbəyi, BBC World Service
Açılışı çərşənbə gününə planlaşdırılan "Cenevrə-2" konfransı Suriyada rejimin dəyişdirilməsini nəzərdə tutmur, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
"Rusiya-ABŞ təşəbbüsü rejimin dəyişdirilməsini nəzərdə tutmur. Bu təşəbbüs Cenevrə razılaşmasının tam yerinə yetirilməsi naminə Suriyada qarşıduran tərəflər arasında birbaşa dialoqun keçirilməsinə çağırır", Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Sergey Lavrov İrana konfransda iştirak etmək barədə göndərilmiş dəvətnamənin geri çağırılmasını səhv adlandırsa da, bu qərarın faciə olmadığını da qeyd edib.
Bu arada məlum olub ki, BMT Baş katibi Ban Ki-moon danışıqlarda iştirak etməsi üçün İrana göndərdiyi dəvətnaməni geri çağırıb.
İran Suriyada keçid hökumətinin yaradılmasını Cenevrə konfransında iştirakın şərti olaraq qəbul etməyib, Suriya müxalifəti isə İranın bu şərti qəbul etmədən danışıqlarda iştirak edəcəyi halda onlara qoşulmayacağını bildirib.
Dəvətnamənin geri çağrılması müqabilində Suriya müxalifətinin Milli Koalisiyası İsveçrənin Montreux şəhərində çərşənbə günü açılacaq danışıqlarda iştirak etməyə razılığını verib.
