Barack Obama: Suriyaya hücum məsələsi təxirə salına bilər

Barak Obama
Şəklin alt yazısı, ABŞ prezidentinin təbirincə, Suriyaya zərbə endirilməsi məsələsinin təxirə salınması mümkündür.

ABŞ prezidenti Barack Obama Suriyaya zərbə endirmək planının təxirə salına biləcəyini istisna etməyib.

ABC News telekanalına müsahibəsində prezident Obama qeyd edib ki, Suriyaya zərbə endirilməsi məsələsi, əgər Dəməşq kimyəvi silahını beynəlxalq nəzarət altına verməyə razılaşarsa, təxirə salına bilər.

Eyni zamanda o, Suriyanın bu addımı atacağına "şübhə ilə" yanaşdığını da vurğulayıb.

ABŞ Konqressində Suriyaya zərbə endirilməsi məsəsləsi müzakirəyə çıxarıldığı bir vaxtda, Rusiya ötən gün Suriyanı kimyəvi silahlarını təhvil verməyə <link type="page"><caption> çağırıb</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/09/130909_syria_russia_talks.shtml" platform="highweb"/></link>.

ABŞ Dəməşqi hərbi cinayətlər törətməkdə, o cümlədən kimyəvi silah işlətməkdə ittiham edir, Suriya prezidenti Bəşər əl-Əsəd isə bu ittihamları rədd edib.

Barak Obama hesab edir ki, kimyəvi silahdan istifadə etdiyinə görə və gələcəkdə bunun təkrar olunmaması üçün Suriyaya məhdud miqyaslı zərbə endirilməsinə ehtiyac var.

ABC News kanalının "Əsəd kimyəvi silahdan imtina etsə, zərbə endirilməsi məsələsi təxirə salına bilərmi?" sualına cavab verən ABŞ prezidenti deyib: "Əgər gerçəkdən bu baş versə - əlbəttə."

Prezident Obamanın bu sözləri Moskvada səfərdə olan Suriyanın Xarici İşlər nazirinin Kremlin Suriya kimyəvi silahının beynəlxalq nəzarət altına verilməsi təşəbbüsünü alqışlamasından sonraya təsadüf edib.

Rusiya mediasına əsasən, Suriyanın Xarici İşlər naziri Walid Muallem Rusiya XİN başçısı Sergey Lavrovun təşəbbüsünün ölkəsi tərəfindən qəbul edildiyini bəyan edib.

Moskvanın irəli sürdüyü təşəbbüs BMT Baş katibi Ban Ki-moon tərəfindən də dəstəklənib.

Rusiya Suriyanı ABŞ hərbi hücumundan qurtulmaq üçün kimyəvi silah ehtiyatını "beynəlxalq nəzarət altına" verməyə və yekunda onları məhv etməyə çağırmışdır.