Qəddar videolar Rusiyada anti-gey kampaniyasını qızışdırır

- Müəllif, Steven Rosenberg
- Vəzifə, BBC News, Moskva
2014-cü il Qış Olimpiadasının ev sahibi olacaq Soçinin “Mayak” Kabare Klubunda musiqi uca, siqaret tüstüsü qalın və homoseksual cütlərin rəqsi şıdırğıdır.
Ümumən ab-hava normaldır. Gülər üzlərdən, hisslərin açıq ifadəsindən belə güman etmək olar ki, Rusiyada gey olmaq heç də problem deyil.
Lakin klubun şəriklərindən Andrey Taniçev fərqli əhvalat danışır.
“Burada aqressivlik var və küçələrdə vəziyyət getdikcə daha qorxulu şəkil alır” – deyir Andrey.
Andrey Tanıçev deyir ki, bir çox homoseksuallar indi geyimlərini, saç düzümlərini dəyişiblər, işə düşməmək üçün sırğalarını da taxmırlar.
Onun sözlərinə görə, hətta homoseksuallığın qadağan olunduğu SSRİ-də də geylərə münasibət müasir Rusiyadakından qat-qat yaxşı idi.
“Onlar bizə nifrət edirlər” – Andrey deyir.
Qəddar videolar
Bütün bunların doğruluğunu Rusiyada bir davakar qrupun internetdə yerləşdirdiyi videolar isbat edir. Videolardan birində homoseksualı, onu geylikdən müalicə etmək məqsədilə sidik içməyə məcbur edirlər.
Bundan sonra həmin adamın başına vedrə keçirib beysbol taxtaları və polis dəyənəkləri ilə vururlar.
Bu videodakına bənzər hadisələr, adətən Rusiyanın bir ifrat millətçi qrupu tərəfindən törədilir.
Lakin videoların tonundan başa düşmək olur ki, bunlar millətçi yox, homofobiya zəminli basqınlardır. Başqa bir internet klipində əyində kamuflyaj olan silahlı qadın fəxrlə elan edir ki, pedofillərin və homoseksualların ovuna çıxıb.
Qadının adı Yekaterinadır. BBC müxbiri onu Sankt Peterburqda tapa bilib. O, “Pedofiliyanı işğal edək” adlı qrupun üzvüdür.

“Bizim vəzifəmiz pedofiliya hallarının üstünü açmaqdır, - Yekaterina deyir– lakin biz həm də homoseksuallığın təbliğatına qarşıyıq. Biz qeyri-ənənəvi seksual oriyentasiyaya malik olanları da təqib edirik. Yəni bir güllə ilə iki dovşan vururuq”.
Ziddiyyətli qanun
Rusiyada homoseksualların hüquqlarını müdafiə edənlər inanırlar ki, bu cür aqressiya Vladimir Putin tərəfindən imzalanmış yeni ziddiyyətli qanunla birbaşa bağlıdır.
Bu qanuna görə, 18 yaşından aşağı olanlara qeyri-ənənəvi seksual oriyentasiya barədə məlumat verilməsi qadağandır. Qanun homoseksuallığın ailə və uşaqlara zidd bir şey olduğunu deyir.
Rusiyanın Lezbian Gey Biseksual Transvestit (LGBT) Şəbəkəsindən Anastasiya Smirnova deyir ki, qanun, tətbiqi etibarilə özlüyündə təhlükə yaratmır, lakin insanları başqa insanlara qarşı zorakılığa sövq edir. Beləliklə, insanlar hakimiyyətin vəzifələrini yerinə yetirməyə can atırlar.
Moskva bu qanuna görə beynəlxalq aləmdə ciddi tənqid olunur. Bu qanunla əlaqədar hətta Soçi Olimpiadasını boykota çağıranlar da var. Rusiyanın hakimiyyət orqanları bildirirlər ki, bu, aşırı reaksiyadır. Axı onlar homoseksuallığı yox, onun təbliğatını qadağan ediblər.
Təbliğatı niyə qadağan ediblər?
Buna qismən səbəb odur ki, Rusiya Pravoslav Kilsəsi və hökumət ölkənin yeni, mühafizəkar ənənələrə söykənən kimliyini yaratmağa çalışır. Bu imicdə Qərbə, istər siyasi, istərsə də seksual mənada yer yoxdur.
Bu qanunun müəlliflərindən biri, Sankt Peterburq millət vəkillərindən Vitali Milonov deyir: “Axı niyə biz sizin ənənələrinizə hörmət etməliyik, siz biizimkinə yox?”
“Öz dəyərlərinizi bizə aqressiv şəkildə sırımağınız ədalətli bir iş deyil, - deyir deputat, - Biz sizin kraliçanıza göstəriş vermirik ki, o, eyni cinsdən olanların nikahına icazə verən qanunu imzalamasın. Bizim bunu etməyə ixtiyarımız yoxdur, çünki biz sizin müstəqilliyinizə hörmət edirik. Bəs siz niyə bizim müstəqilliyimizə hörməyt etmirsiniz?”
Deputat deyir ki, seksual azlıqlara hücum edilmir, lakin onların "əhalinin 90 faizi tərəfindən dəstəklənən ənənələri dəyişməyə çalışmaq haqları yoxdur".
“Ənənəvi rus əhali üçün homoseksuallıq günahdır” – deyir Milonov.
Soçidəki klubun sahibi Andrey isə bu qənaətdədir ki, homoseksuallıq haqqında qanun əhalinin diqqətini başqa, daha ciddi prioblemlərdən yayındırmaq üçündür.




