Yelena İsinbayevanın geylər haqqında şərhləri qalmaqal yaradıb

Rusiyanın ən məhşur atletlərindən biri, şüvüllə hündürlüyə tullanma üzrə Olimpiya və Dünya çempionu Yelena İsinbayevanın homoseksuallar haqqında şərhləri dünya mediasında, həmçinin idman dünyasında qalmaqal yaradıb.
Xanım İsinbayeva Moskvada keçirilən Dünya Çempionatında bəzi atletlərin homoseksualların hüquqlarını müdafiə etməsini tənqid edib. Hərçənd ki, o, sonradan dediklərinin dil probleminə görə səhv anlaşıldığını idda edib.
“Bizdə qadınlar oğlanlarla, oğlanlar isə qadınlarla yaşayırlar. Hər şey yaxşı olmalıdır. Bizdə tarixdən belədir. Rusiyada heç vaxt belə bir problem olmayıb, gələcəkdə də onun olmasını istəmirik”, cümə axşamı o, müxbirlərə deyib.
O, həmçinin Rusiyada yaşı 18-dən aşağı olanlara homoseksualizmi təbliğ etməyi qadağan edən qanunu müdafiə edib.
“Biz rusuq. Ola bilsin ki, başqa ölkələrin, Avropa ölkələrinin xalqlarından fərqlənirik. Bizim öz qanunumuz var və hamı ona hörmət etməlidir. Bu da mənim fikrimdir", o bildirib.
Heptatlonda (hündürlüyə tullanma, uzunluğa tullanma və 800 metr qaçış kimi idman növlərindən ibarət olan yarış) yarışan britaniyalı atlet Louise Hazel deyib ki, Beynəlxalq Olimpiya Komitəsi xanım İsinbayevanın Gənclər Olimpiyadası səfiri vəzifəsinə "yenidən baxmalıdır".
Cümə günü Yelena İsinbayeva deyib ki, ingilis dili onun ana dili olmadığına görə onun şərhlərini "səhv başa düşüblər". O, həmçinin homoseksuallara qarşı hər hansı ayrı-seçkiliyə “qarşı olduğunu” bildirib.
