Hollivudu Rusiyanın LGBT qanununa "yox" deməyə çağırırlar

Hollivud
Şəklin alt yazısı, Rusiya bazarı sabit artımına görə Hollivud üçün çox cazibədardır

LGBT (Lezbian Gey Biseksual və Transvestit) icmasının hüquqları uğrunda mübarizə aparan ən böyük ABŞ təşkilatlarından biri - "İnsan Haqları Kampaniyası" Hollivud studiyalarını Rusiyanın seksual azlıqlara dair siyasətinə açıq “yox” deməyə çağırır.

Rusiyanın sözügedən qanunu azyaşlılar arasında homoseksuallığın təbliğini qadağan edir.

Təşkilatın prezidenti Chad Griffinin Fox, Paramount, Disney, Sony, Universal və Warner Bros. studiyalarına ünvanladığı açıq məktubda deyilir ki, Amerika kino sənayesinin ağırçəkili oyunçuları Rusiya rəhbərliyi ilə təmaslara girib adı çəkilən qanunun ləğvinə çalışmalıdırlar.

“Hollivud hələ onun ictimai və siyasi dəstəyi olmayan vaxtlarda LGBT icması üzvlərinin hüquqları uğrunda ən qorxmaz mübarizlərdən biri olub, - yazır Griffin, - İndi bizim ölkəmizdə vəziyyət sürətlə dəyişir və bizim mənəvi borcumuz vardır. Biz yol verə bilmərik ki, başqa ölkələr vəziyyəti geriyə döndərsinlər. Mən əminəm ki, siz bu fikirlə razılaşarsınız”.

Məktubda bildirilir ki, bütün Holliviud filmlərinin Rusiya premyeralarından Rusiyadakı homoseksualların azadlığına çağırışlar üçün istifadə edilməlidir.

Bundan əvvəl İnsan Haqları Kampaniyası oxşar çağırışla NBC Universal kanalına müraciət etmişdi. Bu kanal Soçidə keçiriləcək Olimpiya Oyunlarının təşkilatçılarından biridir.

Rusiyanın kino bazarı dünyada ən böyük 5 prokatçı sırasındadır.

Vodkaya boykot

Nyu Yorkda "vodka etirazı"
Şəklin alt yazısı, Nyu Yorkdakı Rusiya konsulluğunun qarşısında gey və lezbiyanların sıxışdırlmasına etiraz olaraq Rusiya arağının şüşələri küçəyə boşaldlıb

Bu yaxınlarda Hollivud barlarından bir çoxu geylərə dair Rusiya qanununa etiraz olaraq rus arağını öz piştaxtalarından yığışdırıb.

Belə bir tədbirə Londonun gey-barlarında da əl atılıb.

Ötən çərşənbə Nyu Yorkdakı Rusiya konsulluğunun qarşısında gey və lezbiyanların sıxışdırlmasına etiraz aksiyası keçirilib.

Bu aksiya zamanı "Stolichnaya" və "Russkiy Standart" arağının şüşələri küçəyə boşaldlıb.

Rusiya qanunvericilərinə qarşı həmçinin öz geyliyini açıq elan etmiş məşhur Britaniya aktyoru və yazıçısı Steven Fray da çıxış edib.

Özünün Twitterdəki mikrobloqunda Fray 1936-cı il Berlin Olimpiadasının ərəfəsində yəhudilərin təqibini, Putin Rusiyaslında Soçi Olimpiadasından əvvəl azlıqlara qarşı təqiblərlə müqayisə edib.

Avropa və ABŞ-ın bir sıra yazıçı və ictimai xadimi də Olimpiadanın boykotuna çağırmışdı.