Soçi 2014: "Rusiya homoseksuallar haqqında qanunu aydınlaşdırmalıdır"

Jacques Rogge

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, "Düşünürük ki, bu, fundamental məsələ deyil, daha çox tərcümə məsələsidir" - Jacques Rogge

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı "gey propaqandası" haqqında qanununun gələn il ölkədə keçiriləcək qış oyunlarına necə təsir göstərəcəyini izah etməyə çağırıb.

Komitənin prezidenti Jacques Rogge Moskvada deyib ki, Rusiyanın Qış Olimpiadası haqqında yazdığı əminedici bəyanatlar aydınlaşdırılmalıdır.

"Düşünürük ki, bu, fundamental məsələ deyil, daha çox tərcümə məsələsidir", cənab Rogge əlavə edib.

Gey haqları müdafiəçiləri qanuna etiraz olaraq olimpiya oyunlarını digər ölkədə keçirməyə çağırıblar.

İyunda qəbul olunan qanuna görə, yaşı 18-dən az olan şəxslə homoseksuallıq təbliğatı aparanlara qarşı sərt cərimələr tətbiq olunacaq.

Tənqidçilər deyir ki, qanunun geniş anlayışına görə, Rusiyada homoseksualların haqları üçün faktiki olaraq hər hansı tədbir yasaqdır.

İdman naziri Vitali Mutko cümə axşamı deyib ki, olimpiyaçılar "ölkənin qanunlarına riayət etməli" olacaqlar.

Amma nazir əlavə edib ki, Rusiyanın "bütün vətəndaşların şəxsi həyat hüququnu qoruyan" konstitusiyası var.

Soçidə keçiriləcək olimpiya oyunları, 1980-ci ilin Moskva yay olimpiya oyunlarından sonra ölkənin ev sahibliyi etdiyi ən böyük idman tədbiridir.