Milli Şura Bakıda mitinq keçirib

Azərbaycanda bazar günü müxalifət koalisiyası Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirib.
Təxminən saat 5-də başlayan aksiya mitinq qətnaməsinin qəbulu ilə sonlanıb.
Sənəddə, əsasən, "azad və ədalətli seçkilərin keçirilməsinin təmin olunması, siyasi məhbusların sərbəst buraxılması, vahid namizədin ölkəyə qayıtmasına və prezidentliyə namizədliyinin irəli sürülməsinə şəraitin yaradılması tələb olunub.
Elektrik enerjisi "kəsilib"
Turan agentliyi yazır ki, mitinq zamanı bir sıra insident baş verib, 18 yaşından aşağı yeniyetmələr etiraz aksiyasına buraxılmayıb, mitinqə gələn övladları Orduda qeyri-döyüş şəraitində həlak olanların ailələrini polis saxlayaraq mitinq yerindən uzaqlaşdırıb.
"Onlar mitinqə övladlarının portretlərini gətirməkdə günahkar biliniblər", agentlik yazır.
Həmçinin prezident İlham Əliyev barəsində şüarlar deyilən zaman elektrik enerjisinin kəsilməsi xəbəri verilib.
Polis iştirakçılardan "seçkilərə aidiyyatı olmayan şüarlar səsləndirməməyi" tələb edib və siyasi məhbusların müdafiəsi və demokratiyaya aid bir neçə plakatı çırıb.
Hərçənd ki, rəsmi mənbələr mitinqdə insident baş vermədiyi bildirilib.
APA agentliyi yazır ki, Daxili İşlər Nazirliyi "aksiyanın insidentsiz ötüşdüyünü, ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilmədiyini" bəyan edib.
Şüarlar və çıxışlar
Mitinqi İbrahim İbrahimli idarə edib aparıb. Əsas şüarlar "Milli Şuraya dəstək", "Azad seçki" olub.
Milli Şura üzvü Eldəniz Quliyev vahid namizəd Rüstəm İbrahimbəyovun müraciətini səsləndirib.
Daha sonra İsa Qəmbər, Eldar Namazov, Mirmahmud Mirəlioğlu, Əli Kərimli və başqaları çıxış ediblər.
Müsavat başqanı İsa Qəmbər deyib ki, hazırda Milli Şurada "müəyyən problemlər" olsa da, cənab İbrahimbəyovun "sonadək dəstəklənəcəyini" deyib.
"Ola bilər ki, Milli Şuranın sabahkı iclasında ziyalılarımızdan birini seçib onunla seçkiyə gedək", cənab Qəmbər deyib.
O, Milli Şuranın parçalanması barədə məlumatları "yalan" adlandırıb.
AXCP sədri Əli Kərimli isə, ölkədə vəziyyətin dəyişməsini "vacib" olduğunu və Milli Şuranın buna dinc yolla nail olacağını vurğulayıb.
İştirakçı sayı
Mitinq iştirakçılarının sayı ilə bağlı dəqiq rəqəm mövcud deyil. Milli Şura tərəfdarları rəqəmin 6-8 və on min olduğunu bildirib.
İqtidar partiyası isə etiraz nümayişinə çıxanların sayının az olduğu fikrindədir.
"Bundan əvvəl müxalifətin bu məkanda bir mitinqi oldu, orada təxminən 800 nəfər yığışmışdı, bu gün isə heç onun yarısı da olmadı", YAP icra katibinin müavini Siyavuş Novruzov qeyd edib.
Mitinq saat 5-də başlayıb və iki saat davam edib.
Polis dəstələri mitinqin keçirildiyi ərazini, Bayıl qəsəbəsindəki 20-ci sahədə mitinqin keçirildiyi sürücülük məktəbinin qarşısını əhatə edib.
Eyni zamanda, çevik polis alayı şəhərin mərkəzində hökumət müəssisələrinə yaxın yerləri və Bayıl qəsəbəsinin girəcəyində gücləndirilmiş nəzarət rejiminə keçib.




