ATƏT seçki monitorinq təşkilatı Azərbaycandan dəvət alıb

Avropanın əsas seçkiləri müşahidə təşkilatı - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi (ODIHR) Azərbaycan Xarici İşlər Nazirliyindən seçkiləri izləmək üçün rəsmi dəvətnamə alıb.
ODIHR sözçüsünün BBC Azərbaycancaya verdiyi məlumata görə, dəvətnamə çərşənbə günü gəlib.
Daha əvvəl Azərbaycan XİN beynəlxalq təşkilatlara prezident seçkilərini izləmək üçün rəsmi dəvətnamə göndərdiyi barədə məlumat yayıb.
Bu təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, MDB, GÜAM, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasıdır, Mediaforum saytı XİN-in mətbuat katibi Elman Abdullayevə istinadən yazır.
Ötən həftə ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiyası göndərməyəcəyini <link type="page"><caption> açıqlayıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/08/130809_oscepa_observation_mission.shtml" platform="highweb"/></link>.
Buna səbəb isə, "seçkilərin Assambleyanın payız sessiyası ilə üst-üstə düşməsi, eləcə də, bu qurumun, əsasən parlament seçkilərində maraqlı olmasıdır".
Bundan əvvəl, ODIHR Azərbaycana monitorinq missiyası göndərmək istədiyini bildirib. Təşkilata göndərilən dəvətnamənin gecikməsinə dair narahatlıqlar vardı.
ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara Bakıda səfərdə ikən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ATƏT-ə seçkiləri müşahidə etmək üçün dəvətnamə göndərəcəyini <link type="page"><caption> bildirmişdi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/07/130708_kozhara_aze.shtml" platform="highweb"/></link>.
ODIHR artıq seçki müşahidə missiyası üçün işəgötürmə prosesini başlayıb.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.




