Seçki öncəsi "ATƏT-dən müşahidəçilər dəvət olunacaq"

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara prezident seçkilərinə ATƏT-dən müşahidə missiyasının dəvət edilməsini “alqışlayır”.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan həmkarı ilə birgə keçirdiyi tədbirdə bildirib ki, Azərbaycan “prezident seçkilərini izləmək üçün ATƏT-dən müşahidəçilər dəvət edəcək”.
Onun sözlərinə görə, qaydaya əsasən seçkilər üçün dəvət, seçkilərə təxminən iki ay qalmış göndərilir.
Ötən həftə Milli Məclisin vitse spikeri, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, prezident seçkiləri PA-nın Monteneqroda keçiriləcək payız sessiyası ilə üst-üstə düşdüyündən qurumun seçkiləri müşahidə missiyasının Azərbaycana gələcəyi “sual altındadır”.
Lakin Azərbaycan tərəfi müşahidə missiyasının göndərilməsini “vacib” hesab edərək, həm qurumun baş katibi, həm də daimi komitənin üzvlərinə hələlik şifahi müraciət edib.
“Azərbaycanın ATƏT üzvü kimi seçkiləri izləməyə təşkilatımızdan müşahidəçi dəvət etmək istəyini alqışlayırıq”, cənab Kojara deyib.
"Böyük Sülh Sazişi"
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, cənab Kojara məsələnin həlli üçün ictimai təşkilatların “daha tez-tez” görüşməsinin humanitar fəsadlarının aradan qalxmasına kömək edəcəyini bildirib.
“Bilirik ki, dondurulmuş münaqişələr məhv olmuş insan talelərində özünü göstərir və belə yaralar çox gec sağalır.”
Bu səbəbdən Ukraynanın sədrliyi dövründə, ATƏT dondurulmuş münaqişələrin həlli istiqamətində maksimum “pozitiv” iş görməyi planlayır.
Kojaranın sözlərinə görə, o, tərəflərin danışıqlar aparmasına şərait yaradan “mövcud” mexanizmləri dəstəkləyir.
Azərbaycan tərəfi isə Dağlıq Qarabağ münaqişəsi ətrafında fəaliyyət göstərən Minsk Qrupunun görüşlərinin “çoxaldılmasını” istəyib.
“Mən Ukraynadan ATƏT-ə sədrlik edən ölkə kimi Vyanada belə iclasların daha tez-tez keçirilməsini xahiş etdim”, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu həmsədrlərinin təklif etdiyi “Böyük Sülh Sazişi” üçün təsdiqlənmiş prinsipləri əsas götürür.
"Suveren hüquq"
“Azərbaycan "Böyük Sülh Sazişi" üzərində çalışmağa həmişə hazır olub. Həmsədrlər tərəfindən də bu qəbul olunur. Ermənistan tərəfi istəmir, hər dəfə deyirlər ki, gəlin əvvəl prinsipləri müəyyənləşdirək, sonra saziş bağlayaq.
Rəsmi Bakı isə öncə sazişin imzalanması istəyindədir.
Cənab Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yaxın zamanlarda görüşün nəzərdə tutulduğunu qeyd edib. “Formatı dəqiqləşdiririk ki, Ermənistanın xarici işlər naziri ilə görüş olacaq, ya da ayrı görüşlər olacaq.”
ATƏT Ofisinin mandatının azaldılması ilə bağlı isə nazir Kojara Azərbaycanın “konstruktiv” mövqeyə malik olduğunu deyib.
“Biz hesab edirik ki, ATƏT-in ofisinin statusunu müəyyənləşdirmək onun yerləşdiyi ölkənin suveren hüququdur”.
Kojara, həm də qeyd edib ki, “biz ATƏT üzvüyük və komanda ruhu da var”.
Mart ayında Azərbaycan tərəfi qurumun ofisinin mandatının layihələr üzərində müşahidəçi səviyyəsinədək aşağı salınması ilə bağlı təklif verib. Məlumata görə, bu halda layihələrin gələcək koordinatoru bütün layihələri Azərbaycan hakimiyyəti ilə razılaşdırmalı və onları yalnız rəsmi Bakının razılığı ilə reallaşdırmalıdır.
Ukraynalı nazirin Bakıdan sonra Yerevana getməsi gözlənilir. O, Bakıdakı iyul səfəri çərçivəsində həmkarı Məmmədyarovla təkbətək və heyətlərlə keçirilən görüşlərdən başqa, Dağlıq Qarabağın Azərbaycan İcmasına da səfər edib.
XİN başçıları əsasən, Azərbaycanla ATƏT arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, “Helsinki +40” prosesi ətrafında müzakirələr aparıb.




