Milli Şura Rüstəm İbrahimbəyovun namizədlik sənədlərini "hazırlayır"

Rüstəm İbrahimbəyov
Şəklin alt yazısı, Cənab İbrahimbəyov Milli Şuraya prezident seçkiləri üçün "daha bir neçə" namizəd irəli sürməyə məsləhət görüb

Milli Şuranın yeni yaradılmış Təşəbbüs Qrupu Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb.

150 nəfərdən ibarət olan qrup deyib ki, cənab İbrahimbəyovun namizədliyilə bağlı sənədlər hazırlanır və Milli Şura "qısa zamanda" Mərkəzi Seçki Komissiyasına müraciət edəcək, bu barədə yerli media xəbər verir.

Rüstəm İbrahimbəyovun bazar günü Milli Şura üzvlərinə göndərdiyi müraciətdə isə o, seçkilərə "daha bir neçə namizədin irəli sürülməsini" doğru hesab etdiyini bildirib.

"Mənə elə gəlir ki, hadisələrin bu cür inkişafı demokratik müxalifətin uğruna imkan verəcək, ancaq bu zaman vahid namizədin irəli sürülməsi və qeydiyyatdan keçməsi məsələsində Milli Şura üzvlərinin monolitliyinin zəiflədilməməsi vacibdir", Milli Şuranın sədri belə deyib.

"... vahid namizədin qeydə alınmamaq təhlükəsini nəzərə alaraq Milli Şuraya daxil olan siyasi partiyalar, hərəkat və təşəbbüs qruplarından seçki prosesində iştirak etməyə hazır olan daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm.

"Belə halda Milli Şura qərar verəcək: qeydiyyatdan keçənlərdən hansını demokratik qüvvələrin əsas namizədi kimi dəstəkləsin."

9 oktyabrda keçiriləcək prezident seçkilərinə Milli Şuranıın vahid namizədi seçilən cənab İbrahimbəyovun Azərbaycan vətəndaşlığına əlavə olaraq Rusiya vətəndaşlığı da var. O deyib ki, Azərbaycana qayıtmazdan əvvəl Rusiya vətəndaşlığından çıxmaq prosesinin tamamlanmasını gözləyir.