Rüstəm İbrahimbəyov Bakıya gəlmir

Demokratik Qüvvələrin Milli Şurası üzvləri müxalifətin prezidentlik üçün vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər planlaşdırır.

Partiya sədrləri və Şura komissiyaları üzvlərinin iştirak edəcəyi görüşdə seçkiqabağı vəziyyət və cənab İbrahimbəyovun Bakıya qayıtma planı müzakirə ediləcək - bu məlumatı Şura sədrinin icra aparatının rəhbəri Eldar Namazov BBC Azərbaycancaya təsdiqləyib.

Son aylarda Qərb ölkələrində səfərlər keçirən İbrahimbəyovun Bakıya iyulun 31-də gəlişi gözlənilirdi.

Lakin İbrahimbəyovun haqqında "dövlət əmlakını mənimsəmə" iddiasına görə cinayət işi qaldırılması bu planı təxirə salıb.

Cənab İbrahimbəyov Mediaforum saytına müsahibəsində Bakıya səfər etmək fikrindən daşındığını təsdiq edib və bunun səbəblərini açıqlayıb.

O bildirib ki, Bakıya qayıdarsa, onun barəsində cinayət işinə başlana və xaricə səfər etmək imkanları əlindən alına bilər.

Rüstəm İbrahimbəyov bildirib ki, hazırda onun üçün başlıca vəzifə ikili vətəndaşlığına son qoymaqdır və bunu etmək üçün Moskvada olmalıdır.

Cənab İbrahimbəyovun sözlərinə görə, prezidentliyə namizədliyi rəsmən qeydə alınmadan Bakıya getməməyi ona “Amerikadakı yüksək səviyyəli məsləhətçiləri” tapşırıblar.

Rüstəm İbrahimbəyov ikili vətəndaşlıqdan çıxmaq üçün bir sıra sənədləri toplamaqla məşğul olduğunu qeyd edib. O deyib ki, bu proses bəzən altı ayadək çəkir.

Rüstəm İbrahimbəyov qeyd edib ki, Milli Şura üzvləri ilə görüşdə ehtiyat namizəd məsələsi müzakirə olunmayacaq: “Belə məsələ barədə söhbətimiz olmayıb. Bunlar uydurma fikirlərdir”.

72 yaşlı dramaturq Rüstəm İbrahimbəyovun namizədliyi Milli Şura tərəfindən "müxalifətin vahid namizədi" kimi iyun ayında irəli sürülüb.

O, prezident olarsa, müxalifyönlülərin keçid hökümətinə iki il müddətinə başçılıq edəcək və sonradan bir daha heç bir seçkilərə qatılmayacaq, Milli Şuranın memorandumunda deyilir.