Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur

Demokratik Qüvvələrin Milli Şuranın (DQMŞ) çərşənbə axşamı keçirilən iclasında kinodramaturq Rüstəm İbrahimbəyov üzvlərdən 84 nəfərin lehinə və bir nəfərin əleyhinə səs verməklə prezident seçkilərində iştirak etmək üçün qurumun vahid namizədi seçilib.
İclasa sədrlik edən AXCP lideri Əli Kərimli bildirib ki, "Azərbaycan xalqı bizə sosial sifariş çatdırırdı ki, demokratik qüvvələr bir araya gəlsin və bir araya gəldik, növbəti sifariş o idi ki, bir araya gəlmiş qüvvələr öz aralarından vahid namizəd müəyyənləşdirsinlər".
Vahid namizədliyə İbrahimbəyovu təklif edən Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov isə müxalif qüvvələrin birləşməsi qərarını "tarixi" adlandırıb.
".. birlik Azərbaycanda avtoritarlıqdan demokratiyaya keçidi təmin edə bilər", Namazov bildirib.
Hakim partiya rəsmiləri müxalifətin vahid namizədlə seçkilərə getməsini "əhəmiyyətsiz" adlandırıb.
Vahid namizəd seçilən İbrahimbəyov isə hazırda Bakıda deyil, bu isə üzvlərin riskləri müzakirə etməsinə səbəb olub.
Müsavat partiyası başqanı İsa Qəmbər İbrahimbəyovun namizədliyini müdafiə etdiklərini bildirən qərarı oxuyub.
"Zaman-zaman İbrahimbəyovun namizədliyini dəstəkləmişik", deyən Qəmbər həm də, risklərı xatırladıb.
"Toplantılarda gümdəmdədir ki, Rüstəm müəllim ölkəyə gələ biləcəkmi?.. Ümid edirik ki, bir aydan sonra biz yüzminlik mitinq yığışsın sonra biz gələrik sözünü eşitməyəcəyik. İki aydan sonra, namizədliyim qeydiyyatdan keçsin, sonra ölkəyə gəlim sözünü eşitməyəcəyik. Mən buna ümid edirəm".
Partiyanın qərarında, eyni zamanda deyilir, "MŞ bəyannaməsində göstərildiyi kimi, ölkədə dəyişikliklərin məhz seçki yolu ilə keçirilməsini nəzərə alaraq, MŞ vahid namizədinin qeydə alınmasına qədər Müsavat Partiyası Məclisinin prezidentliyə namizəd göstərməsi ilə bağlı 4 yanvar, 2013-cü il qərarı qüvvədə qalır".
APA-ya danışan hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov da İbrahimbəyovun ölkədə olmamasını vurğulayıb.
“O ölkədə olmaya-olmaya namizədliyinin verilməsi qiyabi namizədlikdir. Necə ki, universitetlərdə qiyabi oxuyanlar, axşam şöbəsində oxuyanlar olur, o da elə formada, qiyabi şəkildə namizədliyini verdi. Əyani deyil”.
O, müxalifətin vahid namizədlə seçkilərə getməsini də "əhəmiyyətsiz" adlandırıb
"Namizədləri olsa-olsa ancaq bir rejissordur. O, nə ictimai-siyasi xadim, nə də dövlət adamıdır. Ancaq kinorejissor kimi tanınır və Azərbaycan xalqının da ancaq bir faiz səsini qazana bilər".
Milli Şura içərisində isə İbrahimbəyovun namizədliyi müxtəlif tərəflərin dəstəyi ilə qarşılanıb.
İclasdakı çıxışlarda AXCP sədri Kərimli, ALP sədri Əvəz Temirxan, KXCP sədri Mirmahmd Mirəlioğlu, Vətəndaş Həmrəyliyi və Açıq Cəmiyyət partiyalarının təmsilçiləri İbrahimbəyovun namizədliyini dəstəklədiklərini deyib.
Açıq səsvermə yolu ilə keçirilən namizəd seçilməsi Şura üzvlərindən təkcə bir nəfərin bitərəfliyi ilə İbrahimbəyovun lehinə olub.
Təxminən son iki-üç ildə müxalifətin seçkilərə vahid namizədlə getməsi məsələsi aktuallaşıb və Azərbaycan müxalifəti əsasən, bir araya gəlməməkdə günahlandırılıb.
Tədbirdə eyni zamanda, həm də Şuranın vahid namizədinin öhdəliklər memorandumu da qəbul edilib və İbrahimbəyov onu virtual olaraq imzalayıb.
Sənədə görə, vahid namizədin öhdəliklərinə keçid hökümətini iki müddətinə qurmaq və sonradan prezident və deputat seçkilərinə getməmək kimi tələblər qoyulub.




