Sosial mediada Rüstəm İbrahimbəyovun vahid namizədliyindən nə yazırlar?

Azərbaycanda müxalif və demokratik yönlü qüvvələr prezident seçkilərə vahid namizəd kimi kinodramaturq Rüstəm İbrahimbəyovla gedəcəyini açıqlayıb.
Müxalifyönlülərin hazırladığı memoranduma görə, o iki il müddətində keçid hökümətinə başçılıq edəcək və sonradan bir daha heç bir seçkilərə qatılmayacaq.
Çərşənbə axşamı Demokratik Qüvvələrin Milli Şura üzvləri açıq səsvermə ilə vahid namizədi müəyyənləşdirib.
Lakin bu fikirlər, Bakıya iyul ayında qayıdacağını deyən İbrahimbəyov ətrafında müzakirələri səngitməyib.
Sosial medianın aktiv azərbaycanlıları arasında İbrahimbəyovun namizədliyinə “sevinənlər də var, onun “siyasət bataqlığına sürükləndiyini” deyənlər də.
Bloqçu Adnan Hacızadənin izləyiciləri tərəfindən paylaşılan Facebook statusunda yazılır ki, “Müxalifət birləşməyəcək”, “yalnız kreslolarını düşünürlər” deyənləri susduran xəbər: Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi oldu”.
Ziya Zöhrab isə, ötən həftələrdə Azərbaycanda müzakirələrə səbəb olmuş Demokratik Azərbaycan Dünyası Partiyasının bir qolunun birinci xanım Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə toxunub.
“Taleyin ironiyası: Müxalifət vahid namizədini seçdi, iqtidar isə iki yerə bölündü”, Zöhrab yazıb.
Həmin vaxt hakim Yeni Azərbaycan Partiyası bəyan edib ki, iqtidarın vahid namizədi hazırkı prezident İlham Əliyevdir.

Rövşən Qəmbərsə, MŞ üzvlərini təbrik edərək bu qərarın, qurumun “demokratik Məclis olduğunun sübutu” kimi qələmə verib.
"Yeni taktika"
Cahid İsmayıloğlu isə, vahid namizədliyn müxalifətin yeni taktikası adlandırsa da, İbrahimbəyovun seçilməsini “müxalifətin səmimiyyətsizliyi” kimi dəyərləndirib.
“Daha gənc, daha dinamik kadrlar yetişdirib meydana salmaq duran yerdə yaşlı, ölkədə yaşamayan, heç bir siyasi, idarəetmə təcrübəsi olmayan, oturduğu yerdə yuxulayan birinin vahid namizəd elan edilməsi və müxalifət liderlərinin axır ki, ortaq məxrəcə gələ bilməsi, əslində səmimiyyətsizlikdən, mənəm-mənəm təfəkküründən xəbər verir”.
Eyni zamanda sosial media istifadəçiləri arasında İbrahimbəyovun Bakıya "tezliklə" qayıtmasını istəyənlər də var.
“Rüstəm İbrahimbəyovun yaxın bir həftədə, yəni bu ayın sonuna qədər Bakıda olmasını istəyirəm. Sən də istəyirsənsə PAYLAŞ! #DestekMilliShuraya”, Kənan Qasımlı yazıb.
Fikir müxtəlifliyinə baxmayaraq, müxtəlif yaranan siyasi fəallıq vətəndaşların bəzilərini “həyəcanlandırıb”.
“Həvəsnən prezident seçkilərini gözləyirəm, hiss eliyirəm gözəl olacaq”, deyə Türkan Fərzəliyeva bildirib.




