İndependent qəzeti soruşur: Rüstəm İbrahimbəyov İlham Əliyevə qalib gələ bilərmi?

Britaniyanın The Independent qəzetində Milli Şuranın prezident seçkilərinə vahid namizədi Rüstəm İbrahimbəyovun prezident İlham Əliyevə qarşı şanslarından məqalə dərc edilib.
Məqalənin müəllifi Shaun Walker "Rejissor diktatora qarşı: Oskar qalibi kinorejissor Rüstəm İbrahimbəyov Azərbaycan seçkilərində iştirak edəcək" adlı yazısında cənab İbrahimbəyovun keçmişindən, onun Azərbaycanda necə görülməsindən və seçki platformasından yazıb.
"İbrahimbəyov nə xarizmatik natiqdir, nə də ki rejimin uzunmüddətli tənqidçisi - əslində vaxtilə o, həm cənab (İlham) Əliyevə, həm də atasına yaxın idi", müəllif internetdə yayılan videoda, İlham Əliyevin "vodkadan bol iclasda" Rüstəm İbrahimbəyovu tərifləməsinə istinad edərək yazır.
Tamaşa şirkətinin Moskvadakı ofisindən müsahibə verən cənab İbrahimbəyov deyib ki, 2005-ci ildə İlham Əliyev hakimiyyətə gələndə o və digər mədəniyyət xadimləri "gənc, mütərəqqi" siyasətçinin Azərbaycanı idarə edəcəyindən məmnun idilər.
Amma sonradan o, korrupsiyanın pisləşdiyini və rəhbərliyin getdikcə daha avtoritar olduğunu görüb.
Parlament respublikası
Amma müəllif qeyd edir ki, İlham Əliyevə müxalif olan gənclər cənab İbrahimbəyovu dəstəkləməyə bilər. "İbrahimbəyova müasir kadr kimi baxmırlar və beləliklə o, gənc, şəhərli müxalifətin maraqlarının təmsilçisi kimi görülmür."
Eyni zamanda bir çox adamın ona keçid dövrünün xadimi kimi baxdığı qeyd olunur. "Cənab İbrahimbəyov özü də deyib ki, o, iki il müddətinə müvəqqəti prezident olacaq. O, daha sonra konstitusiyanı dəyişmək üçün referendum keçirib siyasi sistemi parlament respublikasına dəyişmək istəyir", Shaun Walker belə deyir.
Bir neçə aydır ki, Moskvada qalan və beynəlxalq görüşlər üçün səyahət edən Rüstəm İbrahimbəyovu Azərbaycanda nə gözləyir?
"Onun həbs olunub-olunmayacağını təxmin etmək çətindir. Amma bu yaxınlarda müxalifəti "anti-milli, korrupsiyaya uğramış və satqın" adlandıran cənab Əliyev nüans üçün az yer buraxıb."
Seçkilərdə qalib gəlsə Əliyevlər ailəsini mühakimə edəcəyi barədə sualı cavablandırmasa da, Rüstəm İbrahimbəyov deyir ki, ölkədə iğtişaş istəmir.
"Mən qarşılıqlı ittihamları sevmirəm və qırğın istəmirəm", o deyir, amma repressiyalar sərtləşsə, xalq narazılığının "partlama" nöqtəsinə çata biləcəyini qeyd edir.




