Rüstəm İbrahimbəyovun filmlərinə qadağa varmı?

Rüstəm İbrahimbəyovun "İstintaq" filmi "qara siyahı"ya düşmüşlər arasında hesab edilir.
Şəklin alt yazısı, Rüstəm İbrahimbəyovun "İstintaq" filmi "qara siyahı"ya düşmüşlər arasında hesab edilir.

Azərbaycanda televiziya yayımı sahəsində dövlət siyasətini həyata keçirən qurumun, yerli telekanallarda müxalifətin vahid namizədi kinorejissor Rüstəm İbrahimbəyovun filmlərinin göstərilməsinin qadağa olunması barədə iddialardan “xəbəri yoxdur”.

Teleradio barədə qanunvericilikdən misal gətirən Milli Teleradio Şurasının Mətbuat Xidmətinin əməkdaşı Toğrul Məmmədov, BBC Azərbaycancaya bildirib ki, “yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir”.

Ötən həftə yerli media İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmlərin telekanallarda yayımının “yuxarıdan sifarişlə” qadağan olunduğunu iddia edib.

Qadağa rejissorun siyasi fəaliyyəti, o cümlədən onun namizədliyinin prezidentliyə irəli sürülməsilə əlaqələndilir.

Rejissor İbrahimbəyovun ssenariləşdirdiyi filmləri daha çox yayımlayan kanallardan təkcə biri qadağa ilə bağlı məlumatları təkzib edib.

"Bu cür iddialar əsassızdır və şaiyədir", ANSPress ANS TV-nin açıqlamasına əsasən yazır.

Telekanal bildirib ki, ötən həftə rejissorun iki filmini - "İstintaq" və "Bir cənub şəhərində" ekran əsərlərini yayımlayıb.

BBC Azərbaycanca yerli filmləri müntəzəm yayımlayan Space və İctimai Televiziyadan qadağa iddiaları barədə şərh almağa müvəffəq olmayıb.

Rusiya rejissorlarından dəstək

Rusiya mediasında müzakirələrə səbəb olan bu məlumata Rusiya Kinematoqrafçılar və Peşəkar Kinematoqrafiya Birlikləri İttifaqı İctimai Birliyi də şərh verib.

"İbrahimbəyovun filmlərinin hazırki hakimiyyət qarşısında nə günahı olduğu bizə aydın deyil. Və milli, Rusiya və dünya kinosunun dahi ustadının filmlərinə baxmaq imkanından məhrum edilən Azərbaycan tamaşaçılarının nə günahı olduğu isə ümumiyyətlə aydın deyil", KinoSoyuzun açıqlamasında vurğulanır.

Həmkarlarına mənəvi dəstək göstərmək niyyətilə verilən bəyanatda deyilir ki, "qadağa aradan götürülməzsə", KinoSoyuz beynəlxalq kino ictimaiyyətinə şikayət edə bilər.

Filmlərin qadağası barədə xəbər ilk dəfə avqustun 1-də yayılıb. "Qara siyahı"ya düşmüş filmlər kimi, “Ad günü”, “Səhranın bəyaz günəşi”, “Bir cənub şəhərində”, “İstintaq” və "Park”-ın adı var.

Dramaturq Rüstəm İbrahimbəyov Azərbaycanın xalq yazıçısı, “Oskar” mükafatı laureatı, “Feliks” Avropa Akademiyasının üzvüdür.

O, iyul ayının 2-də Demokratik Qüvvələrin Milli Şurası tərəfindən müxalifətin prezidentliyə vahid namizədi kimi irəli sürülüb.