Milli Şura İbrahimbəyova görə Putinə müraciət edə bilər

Demokratik Qüvvələrin Milli Şurası üzvləri ilə müxalifətin prezidentlik üçün vahid namizədi Rüstəm İbrahimbəyovun görüşündə bəyanat qəbul edilib.
Seçkilərə hazırlıqdan bəhs edən sənəddə deyilir ki, iyulda ABŞ konqresmenləri hakimiyyətlə Bakıdakı görüşlərində Milli Şuranın vahid namizədinin seçkilərdə iştirakına “mane olmamaq” barədə danışıb və “onlar belə bir maneçiliyin olmayacağı vədini alıb”, Azadlıq qəzeti yazır.
Tbilisi şəhərində baş tutan görüş Milli Şuranın vahid namizədinin adının açıqlanmasından sonra ilkdir. Bundan öncə isə belə görüşün Bakıda keçiriləcəyi və cənab İbrahimbəyovun Bakıya gələcəyi gözlənilirdi.
Lakin Milli Şura üzvləri cənab İbrahimbəyov barəsində "vergidən yayınma cinayət işi hazırlanmasından ehtiyatlanaraq" görüş yerini dəyişib.
“Əlbəttə, Azərbaycanda bu qondarma cinayət işinə inanan bir nəfər də tapılmaz. Ancaq, hakimiyyət R. İbrahimbəyovu Bakıya gələrkən qondarma cinayət işindən istifadə edib həbs etmək və seçkilərə buraxmamaq istəyir”, sənəddə yazılır.
Həmçinin Şura üzvləri ABŞ Konqresi və höküməti, BMT, Avropa Şurası, ATƏT, Avropa Parlamentindən “Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcək”lərinə ümidlərini ifadə edib.
İbrahimbəyovun vəkili Fuad Ağayev ötən həftə mediaya deyib ki, hüquqlarını qoruduğu şəxsə qarşı “heç bir ittiham irəli sürülməsinə əsas yoxdur”.
“Sadəcə olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsində onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı əsassız olaraq cinayət işi başlanılıb və bununla bağlı bir neçə nəfər dindirilib”, lakin İbrahimbəyova qarşı hələlik ittiham irəli sürülməyib.
Şura üzvləri vahid namizədin Rusiya vətəndaşlığından tezliklə çıxarılması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edəcəklərini də bildirib.
Rüstəm İbrahiməyovun Rusiya vətəndaşlığından imtina etməsi barədə məlumatlar iyul ayının əvvəllərində yayılıb.
Rusiya qanunvericiliyinə görə, vətəndaşlıqdan imtina edilməsi prosesi 6 aydan 1 ilədək çəkə bilər.
Vahid namizəd Moskvaya dönür
Vahid namizəd isə jurnalistlərə avqustun 1-də Rusiya vətəndaşlığından çıxmaqla bağlı sənədlərini qaydaya salmaq üçün Moskvaya dönəcəyini deyib.
“Milli Şura nə zaman mənim Bakıya gəlməyim haqqında qərar qəbul etsə, Azərbaycana onda gələcəm”, İbrahimbəyov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, onun bu vəziyyətdə Bakıya gəlməsi işlərin “xeyrinə olmaz”; “ona görə də mən uyğun vaxta qədər gözləyəcəyəm”.
Görüşün Tiflisdə keçirilməsi barədə isə, İbrahimbəyov, həm Gürcüstan kinematoqrafları ilə film planlarını danışmaq, həm də AXC dövründə ilk Milli Şuranın görüşlərini burada etməsi ilə əlaqələndirib.
Təxminən altı saat davam edən görüşdə seçkiqabağı mühit, seçkiyə hazırlıq və İbrahimbəyova “yaradılan süni problemlər” müzakirə edilib.
Toplantıda həm də, Müsavat başqanı İsa Qəmbərlə cənab İbrahimbəyovun təkbətək görüşünün keçirilməsi nəzərdə tutulub. Buna səbəb isə, Müsavat partiyasının cənab Qəmbərin də ehtiyat namizəd kimi seçkilərə getməsi istəyidir.
Təxminən 15 nəfərlik nümayəndə heyəti "təhlükəsizlik baxımından" Tbilisiyə kiçik qruplarla getdiklərini bildirib.




