MSK imzatoplama məsələsinə "ciddi" yanaşmağı məsləhət görür
Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov namizədlərə imzatoplama məsələsinə “ciddi yanaşmağı” məsləhət görüb.
“40 min imza toplanmalıdır. Biz 45 min imza üçün sənəd veririk. 60 dairədən imza toplanmalıdır. Reallıqda bu, kifayət qədər əhatəli məsələdir”, cənab Pənahov MSK-nın bazar ertəsi keçirilən iclasında deyib.
İmzatoplamanı “ağır və çətin” iş adlandıran cənab Pənahov, sonradan bu prosesin, Komissiyanı ölçü götürmək məcburiyyəti yaratdığını vurğulayıb.
Seçkilərdə yerli və beynəlxalq müşahidəçilik missiyası məsələsinə toxunan Komissiya sədri deyib ki, müşahidəçi kimi müraciət edənlərə “rədd cavabı verilməsi niyyəti” yoxdur. O, həmçinin müşahidəçilərin qeydiyyatının yerli dairə səviyyəsində aparılmasına tərəfdar olduğunu qeyd edib.
Komissiya bildirib ki, hələlik quruma doqquz nəfərin adı prezidentliyə namizəd kimi verilib.
Hakim Yeni Azərbaycan Partiyası- İlham Əliyev, Azərbaycan Liberal Demokrat Partiyası - Fuad Əliyev, Azadlıq Partiyası - Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyası - Əli Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyası - Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyası - Araz Əlizadə , Ümid Partiyası - İqbal Ağazadə və öz təşəbbüsü ilə hüquqşünas İlqar Məmmədov (İlqar Altay).
Azərbaycanda hər beş ildən bir keçirilən prezident seçkiləri bu il oktyabr ayının 9-da keçirilməlidir.