48 azərbaycanlı Qahirədən Bakıya gətirilib

Misir iğtişaşları ilə əlaqədar 48 azərbaycanlı təxliyə edilib.
Bazar ertəsi günorta vətəndaşlar Bakıya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.
Bu təyyarə Misirin Qahirə şəhərinə ötən gün prezident İlham Əliyevin sərəncamı ilə göndərilib, FHN-in yaydığı məlumatda deyilir.
Ümumilikdə 80 nəfərin gəlişi nəzərdə tutulsa da, 48 nəfər qayıtmaq "istəyib".
"...bəziləri gəlmək istəmədi. Misirdə qalan Azərbaycan vətəndaşları əsasən oranın vətəndaşları ilə nikahda olanlardır. Onlar orada qalmağa üstünlük verdilər", Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırov bildirib.
Cənab Bağırov deyib ki, Qahirədə vəziyyət "ağır" olsa da, səfirlik işini davam etdirir.
"Hazırda səfir və daha bir diplomat Qahirədə işləyir”, o bildirib.
Ötən çərşənbə günü Misir ordusu Müsəlman Qardaşlığının dəstəklədiyi devrilmiş prezident Mohammed Morsi tərəfdarlarının toplaşdığı iki düşərgəni təmizləyib.
Nəticədə son rəqəmlərdə 70 nəfəri polis və hərbçilər olan 830 nəfərin öldürüldüyü deyilir.




