Qahirədə qanlı gün: fövqəladə vəziyyət elan olundu
Misir prezidenti Qahirədə təhlükəsizlik qüvvələri etiraz düşərgələrinə hücum etdikdən və onlarla insanın ölməsindən sonra fövqəladə vəziyyət elan edib.
Düşərgələri iyul ayında devrilmiş keçmiş prezident Mohammed Morsinin tərəfdarları yaradıb.
Təhlükəsizlik qüvvələri 95 adamın öldürüldüyünü deyir, Müsəlman Qardaşları isə yüzlərlə insanın öldüyünü bildirir.
Fövqəladə vəziyyət yerli vaxtla 16.00-da (Bakı vaxtı 18.00) başlayıb və bir ay çəkəcək.
Misirin təhlükəsizlik qüvvələri Qahirədə devrilmiş prezident Məhəmməd Morsinin tərəfdarlarının işğal etdiyi iki etiraz düşərgəsini atəşə tutub.
Zirehli buldozerlər Raba əl-Ədaviyya məscidinin qarşısındakı əsas düşərgənin içərilərinə qədər yeridilib.
Hakimiyyət deyir ki, Qahirənin qərbindəki Nahda meydanında da düşərgə tamamilə təmizlənib.
Etiraz düşərgələrindəki qanlı səhnələrdən videolar yayılıb. Müxbirlər yaralı nümayişçilərin ölülərlə birlikdə müvəqqəti sahə xəstəxanalarında müalicə edildiyini xəbər verir.
Müsəlman Qardaşlarının aparıcı fiqurlarından olan Mohamed əl-Beltaginin 17 yaşlı qızı ölənlər arasındadır. Asmaa əl-Beltagi kürəyindən və sinəsindən vurulub, onun qardaşı deyir.
Ölkənin digər hissələrində də zorakılıq davam edir.
- Dövlət xəbərlər agentliyi Mena deyir ki, Misirin mərkəzində 3 kilsəyə hücum edilib. Onlardan biri Sohaq şəhərində yerləşir, bura çoxlu sayda Koptik xristianın yaşadığı ərazidir
- Reuters təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir ki, Morsi tərəfdarları və təhlükəsizlik qüvvələri arasında Assiut və Minya şəhərlərində toqquşmalar davam edir
- Morsi tərəfdarları Aleksandriya şəhərində yolları bağlayıb
- Yüzlərlə insanın cənubdakı Asvan şəhərində qubernator ofisi qarşısına toplaşdığı bildirilir.