Qahirə düşərgələrinin dağıdılması zamanı qan tökülüb
Qahirədə Məhəmməd Morsi tərəfdarlarının toplaşdığı iki meydanda etirazların dağıdılması vaxtı çoxlu adamın öldürüldüyünə və çoxlu sayda insanın xəsarət aldığına dair məlumatlar var.
Müsəlman Qardaşları ölənlərin sayının 100-dən artıq olduğunu bildirir.
Dövlət televiziyası zirehli buldozerlərin Rabiyyə əl-Adaviyyə məscidinin qarşısındakı əsas düşərgənin içərilərinə irəlilədiyini göstərib.
Hakimiyyət deyir ki, Qahirənin qərbindəki Nahda meydanında düşərgə tamamilə təmizlənib.
Hakimiyyət hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmış prezident Morsi tərəfdarlarının düşərgələrini dağıdıb və axtarışda olan şəxslərdən başqa, hamı üçün azad çıxışın təmin edildiyini bildirib.
Ölkənin digər hissələrində də zorakılıq davam edir.
- Dövlət xəbərlər agentliyi Mena deyir ki, Misirin mərkəzində 3 kilsəyə hücum edilib. Onlardan biri Sohaq şəhərində yerləşir, bura çoxlu sayda Koptik xristianın yaşadığı ərazidir.
- Reuters təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir ki, Morsi tərəfdarları və təhlükəsizlik qüvvələri arasında Assiut və Minya şəhərlərində toqquşmalar davam edir
- Morsi tərəfdarları Aleksandriya şəhərində yolları bağlayıb
- Yüzlərlə insanın cənubdakı Asvan şəhərində qubernator ofisi qarşısına toplaşdığı bildirilir.