Misirdə yeni etirazlar başlayıb

Misirdə cümə duasından sonra devrilmiş prezident Məhəmməd Morsinin minlərlə tərəfdarı paytaxt Qahirədə yeni etirazlara başlayıb.
Məlumata görə, təhlükəsizlik orqanları aksiyaların mərkəzi olan Ramses Meydanına girişi əngəlləyiblər.
İki gün bundan əvvəl Müsəlman Qardaşlarının yaratdığı düşərgələrin dağıdılması ən azı 638 adamın ölümü ilə nəticələnib.
Eritazlar Qahirənin kənarında da keçirilir. İsmailiada baş verən toqquşmalara görə dörd adam ölüb.
Hazırda Misirdə fövqəladə vəziyyət elan edilib və çərşənbə günü baş verən zorakılığa görə polisə özünü qoruma məqsədilə silah işlətmək icazəsi verilib.
Bu hadisələr fonunda Misirin müvəqqəti liderləri ABŞ prezidenti Barack Obamanın tənqidinə məruz qalıb.
Cümə axşamı cənab Obama hökümətin hərəkətlərini pisləyib.
O bildirib ki, vətəndaşlar öldürülən zaman əməkdaşlıq baş tuta bilməz.
Misir rəsmiləri deyib ki, Obamanın sözləri “faktlara əsaslanmayıb” və “silahlı qüvvələri qızışdıracaq”.
Marş çağırışı
Misirin “terrorla” üzləşməsi də güman edilir.
Müsəlman Qardaşları cümə günü tərəfdarlarını dua mərasimindən sonra küçələrə axışmağa və “acıq marşı” keçirməyə dəvət edib.
Qrup liderləri bildirib ki, onların şüarı “xalq çevriliş istəyir” olacaq.
Təhlükəsizlik qüvvələri isə marşın qarşısını almağa hazırlaşır, küçələrdə çoxlu silahlılar görünür.

Prezident Morsinin əleyhdarları da əks-etirazlara çağırıb. Onlar həm də, kilsələri də qorumağa çağırıb.
İslamçılar Misir Koptik Xristian icmasını prezidenti devirənləri dəstəkləməkdə təqsirləndirir.
Misir hadisələrini pisləyən dünya liderləri, BMT, Avropa Şurası, ABŞ, Almaniya, Fransa və digər ölkələr misirliləri “təmkinli” olmağa və “hadisələri dayandırmağa” çağırıb.
Bu ölkələr sırasına Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurası da qoşulub.
“Hesab edirik ki, mülki şəxslərin həlak olması qəbuledilməzdir. Biz, ölkədə barışın həyata keçirilməsinə zəruri ehtiyacın olduğunu vurğulayır və təhlükəsizlik, demokratiya və sabitliyin bərpa olunmasına çağırırıq”, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər nazirləri bildirib.
Hadisə
Etirazçılar iyulun 3-də devrilmiş prezident Mohammed Morsinin bərpasını tələb edirdi.
Etirazçıları dəstəkləyən Müsəlman Qardaşları məlumat yayıb ki, çərşənbə günü iki min insan öldürülüb.
Lakin müvəqqəti hərbi hökümət rəqəmləri 137 göstərib, 57 nəfərin Nahda Meydanında, 29-un isə Helvanda öldüyünü bildirib. 198 nəfər isə rayonlarda həyatını itirib.
Rəsmi məlumata görə, 43 polis nəfəri də öldürülüb. 3,572 nəfərsə yaralanıb.




