İranın "Çernobıl günü". Etiraz aksiyaları nə ilə nəticələnə bilər?

Şəklin mənbəyi, Getty Images
Ukrayna təyyarəsinin səhvən vurulmasıyla bağlı İran hökumətinin açıqlaması gözlənilmədən ölkənin bir neçə şəhərində kütləvi etiraz nümayişlərinə səbəb oldu. Şərhçilər bunu qəzəbli orta sinif nümayəndələrinin baş verənlərə reaksiyası kimi izah edirlər.
Bazar ertəsi İranın bir neçə şəhərində təkrar aksiyalar keçirildi. Mitinqlər dalğası ötən həftənin şənbə günü Tehranda başlamışdı - Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin İran raketiylə vurulduğu etiraf ediləndən dərhal sonra. Bunun ardınca ölkənin İsfahan və Həmədan kimi böyük şəhərlərində də insanlar küçələrə çıxdı.
İlk etiraz aksiyası təyyarə qəzasında həlak olanlara həsr olunmuşdu, sonra aksiyaçılar İranın Ali Dini Lideri Ayətullah Xameneyinin istefasını tələb etməyə başladılar. O gündən etibarən tələblər dəyişməyib, amma etirazların miqyası da artmayıb. Etirazçıların sayı bir neçə mini keçmir.
Cəmi iki ay əvvəl iranlı fəallar benzinin bahalanmasına etiraz olaraq keçirilən aksiyaların xüsusi qəddarlıqla dağıdıldığını xəbər verirdilər. Müxtəlif qiymətləndirmələrə görə, o zaman öldürülənlərin sayı bir neçə yüzdən min beş yüzə qədər olub.
Ancaq indi fərqli taktika seçilib - sərt müdaxilə də yoxdur, öldürülənlər də. Bu dəfə ölkədə beynəlxalq aləmlə internet əlaqəsini də kəsməyiblər. Sosial şəbəkələrdə Tehranda odlu silahdan istifadə edilməsiylə bağlı xəbərlər yayılsa da, hökumət nümayəndələri iddianı rədd edirlər.
ABŞ prezidenti Donald Trump bazar günü "Twitter"-də onlara xəbərdarlıq edib: "Sizi bütün dünya və ən başlıcası, ABŞ izləyir. İnternet əlaqəsini bərpa edin və etrazçılara azadlıq verin".
İran hökumətinin budəfəki yumşaq münasibətin təsir edən daha çox hansı faktordur - Trump-un xəbərdarlığı, yoxsa aksiyalara az sayda adamın çıxması?
Müşahidəçilər başqa səbəb göstərirlər: ötən şənbə küçələrə orta sinfin təmsilçiləri çıxmışdılar, etirazın zor tətbiqiylə yatırılması məhz buna görə çətin görünür.
İnkarın üç günü
Ölkənin Hərbi Hava Müdafiə sisteminin "Boeing 737-800" təyyarəsini qanadlı raketlə səhv saldığını İran hökuməti dərhal boynuna almadı. Məmurlar əksəriyyəti İran və Kanada vətəndaşları olan 176 nəfərin ölümündə hərbçilərin əli olduğunu qətiyyətlə rədd edirdilər.
Hərbçilərin səhvi versiyasını isə rəsmi Tehran "Amerikanın İrana qarşı psixoloji müharibəsinin bir hissəsi" kimi qələmə verirdi.
"Biz bilirik və ona görə də tam əminliklə deyə bilərik ki, təyyarəyə raket dəyməyib" - İranın Mülki Aviasiya Agentliyinin rəhbəri Əli Abidzadə qəza baş verən gün belə demişdi.
Ancaq üç gün sonra hakimiyyət təyyarənin təsadüfən vurulduğunu etiraf etdi və məmurların ritorikası dərhal dəyişdi. İnkarları üzrxahlıqlar əvəz etdi.
"Bizim səhvimiz ucbatından bəzi soydaşlarımız şəhid oldular. Ancaq bu, səhvən olub, biz üzr istəyirik. Biz utanırıq. Allaha and olsun ki, orda olanlar bizim ailəmiz, uşaqlarımız, xanımlarımız, atalarımız və qardaşlarımız idi. Mən heç vaxt bu qədər utanmamışdım", - İran İnqilabı Keşiçikləri Korpusunun rəhbəri Hüseyn Salami parlamentdəki çıxışı zamanı belə deyib.
"New York Times" qəzetinin İrandakı aksiyaları işıqlandıran əməkdaşı Fərnaz Fəsihi hesab edir ki, bu dəyişiklik iranlıları narahat etməyə bilməzdi.
"Dünən İran təyyarəni vurduğunu, nəhayət ki, etiraf edəndən sonra məmurlar bir-birinin ardınca üzr istəməyə, səhvdən nəticə çıxardıqlarını deməyə başladılar. Ancaq bildiyim qədərilə nə məhkəmə hökmləri var, nə də işdən çıxarmalar", - Fəsihi BBC-yə müsahibəsində belə deyib.

Şəklin mənbəyi, Getty Images
"Çernobıl günü"
Britaniya-İran Ticarət Palatasının sədri, Britaniyanın keçmiş maliyyə naziri Norman Lamont hesab edir ki, təyyarənin vurulması iranlılara hakimiyyətdən narazılıqlarını bildirmək fürsəti yaratdı.
"General Süleymaninin ölümündən sonra nisbətən birləşmiş kimi görünən ölkədə təyyarə faciəsindən sonra kəskin ictimai rəy dəyişikliyi baş verdi. Məncə, rejimin bir hissəsi baş verəni digər hissəsindən gizlətdi. Hakimiyyətdəki korrupsiyadan və səriştəsizlikdən yorulmuş insanlar bunu həqiqəti gizlətmək cəhdi kimi qiymətləndirdilər", - Lamont BBC-yə müsahibəsində belə deyib.
Sankt-Peterburqdakı Avropa Universiteti Beynəlxalq Proqramlarının rəhbəri, "Tehran 2020" teleqram-kanalının müəllifi Gevorq Avetikyan deyir ki, təyyarədə kifayət qədər yüksək gəlirli şəxslər olub. Çoxu da tələbəymiş və etirazlar məhz universitetlərdə başlayıb.

Şəklin mənbəyi, STR
"Mənə elə gəlir ki, bu situasiyada Çernobıl hadisəsini xatırladan məqamlar var - səriştəsizlik və onu gizlətmək cəhdi", - lord Lamont belə deyir.
Gevorq Avetikyan təyyarə faciəsinin Çernobıl qəzasıyla və Sovet hökumətinin hadisəyə reaksiyasıyla müqayisə edənlər arasında İran şərhçilərinin də olduğunu bildirir:
"İranın özündə də ölkədəki situasiya və 1980-ci illərin SSRİ-si arasında paralellər axtaranlar var".
Bu, sosial şəbəkələrdə də əks olunub. İran "Teleqram"ındakı ən məşhur kanallardan biri olan @Aparat_tv (2,5 mln. izləyicisi var) kanalında HBO "Çernobıl" serialından Viktor Leqasovun monoloqu yerləşdirilib - fars dilində subtitrlarla.
Monoloq bu sualla bitir: "Yalan neçəyə başa gəlir?"
Mədəni etiraz
İrandakı etiraz ovqatını musiqiçilər, rejissorlar və aktyorlar da dəstəkləyirlər. Bir çoxu aksiyalara dəstək bəyanatıyla çıxış edib.
Avetikyan deyir ki, ən parlaq nümunə İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin 1983-cü ildə təsis etdiyi "Fəcr" kinofestivalıdır.
Təyyarə faciəsindən sonra "Fəcr" problemlərlə üzləşib. Tanınmış rejissor Məsud Kimiai filmini müsabiqədən çıxararaq bəyan edib ki, Ukrayna təyyarəsinin "həlak olmuş sərnişinlərinə yas tutur" və "ictimaiyyətlə həmrəydir". Kimiainin bəyanatı olan videoçarx sosial şəbəkələrdə şənbə və bazar günləri yayılıb və çox sayda təkrar paylaşımlarla müşayət olunub.
Onun ardınca bir neçə məşhur aktyor və aktrisa da oxşar bəyanatlarla çıxış edib. Bəzi müğənnilər İslam inqilabının ildönümünə həsr olunmuş konsertlərini təxirə salıblar. Onlardan biri aksiya iştirakçılarını dəstəkləyən bəyanatla çıxış edib.

Şəklin mənbəyi, Getty Images
Şou-biznes nümayəndələrinin reaksiyalarında İrandakı vəziyyətin daha bir xüsusiyyəti üzə çıxır. Onlar noyabr ayındakı aksiyalarda polis tərəfindən öldürülənlərlə bağlı heç nə deməmişdilər.
Gevork Avetikyan qeyd edir ki, təyyarə qəzasının yaratdığı etik münaqişə hətta dövlət KİV-lərində də hiss olunur. Hərbçilər səhvlərini etiraf edəndən sonra əsas dövlət agentliklərindən biri olan İRNA "Hakimiyyətin reaksiyasını gözləməklə ictimai üzrxahlıq"başlıqlı bəyanat dərc edib.
Jurnalistlər bəyan ediblər ki, təyyarə qəzası haqqında həqiqəti bütün rəsmi mənbələr raketlə vurulma versiyasının Qərbin antitəbliğatı olduğunu dedikləri üçün yazmayıblar.
"Bu gün - həqiqət üzə çıxandan sonra auditoriyanın yerli rəsmi KİV-ə inamı qalmayacaq və onu bərpa etmək üçün vaxt lazım gələcək" - İRNA-nın byanatında belə yazılır.
Avetikyan deyir ki, hökumətin rəsmi mətbuatda tənqid olunmasını və dövlət KİV-lərinin daha şəffaf fəaliyyət çağırışlarını adi hal hesab etmək olmaz:
"Bütün bunlar o deməkdir ki, İranı yenidənqurma ruhlu liberallaşma gözləyir. Bir çoxu artıq nələrinsə mümkün olduğunu hiss etməyə başlayıblar".
Bundan sonra nə olacaq?
Ekspertlərin hamısı bu fikirdədir ki, təyyarə faciəsindən sonra İran hakimiyyəti prioritetlərini dəyişməli olacaq. Çox kütləvi olmasalar belə, indiki aksiyalar potensial olaraq daxili siyasətin dəyişməsinə gətirib çıxara bilər. İnsidentin İran elitalarında da fikir ayrılığına səbəb olması bu ehtimalı artırır.
Avetikyan hesab edir ki, baş vermiş hadisə İranın Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu arasındakı konflikti də dərinləşdirib; o cümlədən, mötədil və konservativ siyasətçilər arasındakı fikir ayrılığını da.
Ancaq Ukrayna təyyarəsinin vurulmasının hakimiyyət və cəmiyyət arasında münasibətləri dəyişəcəyi ehtimalı daha çoxdur.
"Genişmiqyaslı toqquşmalarla nəticələnəcək böyük böhrandan söhbət getmir. Bu, ideya böhranıdır, onu "Belə situasiyalarda necə hərəkət etməli" sualı yaradıb".
Budəfəki aksiyaların noyabrdakı "benzin etirazlarından" əsas fərqi indikilərin ideoloji mahiyyət daşımasındadır.
Onda cəmiyyətin bir qismi benzinin bahalaşmasıyla nəticələnən qeyri-populyar islahatlara hakimiyyətin nə üçün ehtiyac duyduğunu başa düşürdü. Sərnişin təyyarəsinin vurulması hadisəsində belələri yoxdur. Gücə qarşı çıxmaqla yalana qarşı çıxmaq eyni şey deyil", - Avetikyan deyir.
Norman Lamontsa qeyd edir ki, təyyarə faciəsi yanvarın əvvəlində "Əl-Qüds" bölümünün rəhbəri Qasım Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacağını bəyan etmiş İranı bu hədəfdən yayındıracaq:
"İndi onların bundan başqa da problemləri var".








